Azərbaycanda əmək pensiyalarının ödənilməsi iki gün ərzində təmin ediləcək.
RePost.Az-ın məlumatına görə, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.
F.Talıbov bildirib ki, Prezident İlham Əliyevin 7 fevral 2019-cu il tarixli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir.
O qeyd edib ki, bu indeksləşdirmə nəticəsində bütün növ əmək pensiyalarının sığorta hissəsi 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə artırılması təmin edilir.
Şöbə müdiri vurğulayıb ki, bu istiqamətdə proses artıq yekunlaşmaq üzrədir və iki gün ərzində əmək pensiyalarının tam olaraq ödənilməsi təmin ediləcək.
RePost.Az