Azərbaycan ətə olan tələbatın 92 faizini özü istehsal edir. Buna baxmayaraq ətin qiyməti son bir neçə ayda xeyli bahalaşıb.
RePost.az xəbər verir ki, yay aylarında 6-7 manata satılan ətlərin qiyməti indi paytaxt bazarlarında 9 manat 50 qəpikdən başlayır 13-14 manatadək yüksəlir. Yəni indiyədək Azərbaycanda bu qiymətə ət satılmayıb. Əlaqədar idarə və təşkilatlar isə bunun subyektiv səbəbləri kimi obyektivlərinin də olduğunu bildirir.
Paytaxtın müxtəlif yerlərində yayda 6-7 manata olan dana əti indi 9,5, qoyun əti isə azı 11 manatdan təklif olunur.
Əhmədli metrosu ətrafındakı bu yerdə də dana əti 10 manata, qoyun ətinin kiloqramı isə hətta 12 manatadır. Bölgələrdə də xüsusilə paytaxta heyvanların gətirildiyi Bərdədə mal ətinin qiymətində yay ayları ilə müqayisədə artım müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyev bildirir ki, Azərbaycan mal ətinə olan təlabatının 92 faizdən çoxunu daxili istehsal hesabına ödəyir. Bununla belə bəzən mal ətinin bahalaşması baş verə bilir.
Ancaq nazirliyin şöbə müdiri bu dəfəki qiymət artımının yalnız mövsümü olmadığı fikrindədir. Qalib Əbdüləliyev digər məhsulların bahalaşmasının heyvandarlara da təsir etdiyini, onlar da öz paylarında satdıqları heyvanın qiymətlərini qaldırdığını bildirir.
İqtisadiyyat Nazirliyindən isə bildirildi ki, nazirlik qiymətlərin sadəcə suni olaraq artırılmasına qarşı mübariza aparır. Mal ətinin qiymətinin hər yerdə bahalaşması isə tələb-təklif əsasında formalaşıb və burda qanunsuz heç nə yoxdur.