Bakının Nizami rayonundakı 109 saylı orta məktəbin 5-ci sinif şagirdi (azyaşlı olduğundan adın yazmırıq) aprelin 30-da intihara cəhd edib. O, ağır şəkər xəstəsi olan atasının dərmanlarını içib. Amma hadisə yalnız mayın 8-də - azyaşlının atası Şamxal Əliyevin mətbuata müraciətindən sonra ictimailəşib.
Yoxsul ata-ana göz yaşlarına boğularaq deyir ki...
Virtualaz.org-un əməkdaşları sosial şəbəkələrdə “ikinci Elena faciəsi” kimi təqdim edilən intihar cəhdini araşdırmaq məqsədilə Əliyevlər ailəsində və azyaşlının təhsil aldığı məktəbdə olublar.
109 saylı məktəbin bir addımlığında yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki birotaqlı mənzildə yaşayan Əliyevlər baş vermiş faciədə müəllimləri günahlandırırlar. Gözüyaşlı valideynlər deyirlər ki, maddi imkan olmadığından müəllimlərin tələb etdiyi pulu verə bilməyiblər, uşağa ögey münasibət də məhz bundan başlayıb.
Ana Mapəri Əliyeva dediklərini təsdiqləmək üçün bir neçə yerdən qopub tökülmüş, deşikləri taxta parçalarla qapadılan döşəməni, oboyu soyulmuş divarları göstərir. Ortadakı masada iri qutunun içərisində dərmanlar yığılıb.
Ana deyir ki, ilin əvvəlində sinif rəhbəri təyinatı üçün 50 manat istəyiblər. Deyiblər ki, yaxşı müəllim istəyirsinizsə pul verməlisiniz. “Etiraz etdim, 50 manat ödəməyə imkanım olmadığını bildirdim. Sonradan Nigar müəllimə niyə onu istəmədiyimi soruşdu, bildirdim ki, onunla bağlı məsələ deyil, sadəcə pulu verməyə gücüm çatmadı”-ana deyir.
Qeyd edək ki, valideyinlərdən uşaqlarının oxuduğu sinifə “daha yaxşı sinif rəhbəri” təyin edilməsi üçün pul yığılması praktikası çoxdan mövcuddur. Bu məqsədlə yığılan pulların məbləği fərqli ola bilər.
Uşaq dəfələrlə sinif rəhbərindən və Bahar müəllimədən şikayətlənirdi
...Həmin gün intihara cəhd etmiş 11 yaşlı qız da anasının yanında əyləşib, hadisənin şokundan tam ayılmasa da vəziyyəti normaldır. Valideynlərinin danışığına müdaxilə edir, anasının göz yaşlarını silir, bəzən də saçlarını üzünə dağıdaraq üzünü, gözlərini gizlətməyə çalışır.
Mapəri Əliyeva qeyd edir ki, uşaq dəfələrlə sinif rəhbəri Nigar müəllimədən, eləcə də Bahar adlı azərbaycan dili və ədəbiyyat müəlliməsindən şikayət edib. Amma şikayətlər o qədər adi səbəblərdən olub ki, məktəbə gedib müdaxilə etməyə lüzum görməyib: “Uşağın bu qədər inciməsinin fərqinə varmadım. Hər dəfə müəllimlərlə danışırdım, problemi yoluna qoyacaqlarına inanırdım”.
Müəllimə çantada ətir tapıb!!!
Problem isə bunlar imiş – uşaq dərsdən çıxan kimi saçlarını açıb, yana tökürmüş, idman dərsində çantadan ətir tapılıb, yaxud ağ deyil, qara corab geyinib. Bu arada uşaq söhbətə qarışır, and-aman edir ki, ətiri idman dərsindən sonra tər iyi gəlməməsi üçün vurubmuş.
Azyaşlının dediklərindən: “Həmin gün başım ağrıyırdı, özümü pis hiss edirdim. Nigar müəlliməyə dedim ki, anama xəbər versin. O isə dedi ki, artistlik edirsən, bəzən cavab qaytaranda tərbiyəsiz deyirdi. Anama xəbər vermədi, məni lövhəyə qaldırdı. Dərsi tam danışa bilmədim, uşaqlar da yerdən söz atdılar”.
Sonra məktəbli formasını, yubkasını göstərir: “Görürsüz, yubkam qısa deyil. Sinifdə elə qızlar var ki, yubkası baxın dizindən bu qədər yuxarıdır. Amma müəllimə sinifdə uşaqların yanında ancaq mənim yubkamı əli ilə aşağı dartırdı. Sinifdə 4 dostum var, onlar da bilirlər”.
İntihar cəhdi: "Əvvəl istədim damarlarımı doğrayam..."
Ana hadisənin baş verdiyi günü xatırlayır, deyir ki, işdən evə axşam saat 8-in yarısı gəlib. Uşaq üzüqoylu çarpayıda yatırmış. Yorğun olduğunu düşündüyündən oyatmayıb, soyuq olmaması üçün pəncərəni bağlayıb, işığı söndürüb: “Xalam qızı gəlib dedi ki, uşaq intihar etmək istəyirmiş. Baxdım ki, bütün dərmanların içi boşdur, 60 həb içibmiş. Ayıltmağa çalışdım, səsimə qonşular gəldilər. Təcili yardımla Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə apardılar, 17 saat komada qaldı”.
Uşaq isə əlavə edir, deyir ki, əvvəlcə ülgüclə qollarının damarlarını doğramaq istəyib, amma polisin onu həbs edəcəyindən qorxub. Buna görə də dərman içib ki, heç kim intihar etdiyini düşünməsin.
Ataya susmaq üçün pul təklif ediblər...
Atası Şamxal Əliyev deyir ki, övladı ilə birgə ölüb, yenidən dirilib. Amma ona ikinci, hətta üçüncü dəfə ağrı yaşadıblar: “Hadisədən sonra polisə zəng vurub məlumat verdik, təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə zəng vurduq. Uşaq xəstəxanadan çıxandan sonra poliklinikanın baş həkimi daxil olmaqla bütün həkimlər, psixoloq gəldi. Amma nə Təhsil Nazirliyindən, nə də məktəbdən gələn olmadı. Ancaq mətbuata müraciətdən sonra məktəbdən gəldilər, onda da pul təklif elədilər ki, şikayəti geri götürün məsələ bağlansın. Hələ üstəlik Nigar müəllimənin yaxınları təhdid də edirlər. 12 ildən sonra doğulmuş bir övladım var, onun üzərindən alver etməliyəm?”
Amma ata təkcə bundan şikayətçi deyil, deyir ki, uşağın rəfiqələrindən izahat almağa çalışıblar, guya ki, məktəbdə sevgilisi olub, onunla dalaşırmışlar. İntihara da məhz buna görə cəhd edibmiş: “Uşağın rəfiqələri gəlib danışdılar. Dünən gecə elə qışqırıb ağlayırdı ki, məktəbdə məni tərbiyəsiz kimi tanıyacaqlar, bir daha ora qayıtmayım, ondansa ölüm. Uşağıma əxlaqsız damğası vurmaq istəyirlər. Gecə-gündüz keşik çəkirik ki, bir daha özünə nəsə eləməsin”.
"Müəllimənin yanına kursa gedəndə..."
Valideynlər məsələnin araşdırılmasını, xüsusilə Nigar müəllimənin məktəbdən uzaqlaşdırılmasını tələb edir, amma azyaşlı müəllimənin işdən çıxarılmasını da istəmir: “Azərbaycan dili müəlliməsinin yanına kursa gedirdim, mənə 4,5 yazırdı. Kursdan çıxan kimi qiymətimi 2, 3 etdi. Nigar müəllimə xəstəxanadan çıxandan sonra bizə gəldi, məni öpdü. Dedi ki, barışım onunla, daha mənə artist, tərbiyəsiz də deməyəcək”, -qızcığaz əlavə edir.
Uşaq hazırda dərsə getmir. Uzun müddət psixoloji yardım alacaq. Atası uşağın yalnız psixoloqun iştirakı ilə dindirilməsini tələb edir.
Hadisədən sonra məktəbin qapıları bağlanıb, içəri valideynlər də daxil heç kimi buraxmırlar. Nəzarətçi deyir ki, suallara yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsi cavablandıra bilər. Qapının qarşısındakı azyaşlılar isə müəllimlərin onlara intiharla bağlı heç bir suala cavab verməməyi tapşırdıqlarını söylədilər.
Məktəbin yazılı açıqlaması
Məktəbin yazılı açıqlamasında isə qeyd olunur ki, uşağın evdə intihara cəhd etməsi ilə bağlı onlara valideynləri məlumat veriblər: “Müvafiq müayinə və müalicə prosedurlarından sonra uşaq evə buraxılıb, hazırda vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq müvafiq psixoloji yardım göstərilib. Məktəblərdə valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması məktəb rəhbərliyi tərəfindən daim tövsiyə olunur. Qeyd olunan hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb”.
Qeyd edək ki, 11 yaşlı məktəbli qızın intihara cəhd etməsi faktı ilə Baş bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb.