1990-cı ildə Bakıda törədilmiş qanlı 20 Yanvar hadisələrinin 27-ci ildönümü tamam olur. Bununla bağlı Azərbaycanın ilk prezidenti, 20 Yanvar hadisələri zamanı Azərbaycan Nazirlər Sovetinin sədri olmuş Ayaz Mütəllibov Modern.az saytına müsahibə verib. RePost.AZ həmin müsahibəni təqdim edir: 
 
-Ayaz nüəllim, həmin vaxt baş nazir vəzifəsində idiniz. 20 Yanvar hadisələri olacaqdı, qarşısıalınmaz idi, yoxsa hansısa formada bunun qarşısını almaq mümkün idi? 
 
-Bəli, mən onda Nazirlər Kabinetinin sədri vəzifəsində idim. Mənim tutduğum vəzifə isə siyasi vəzifə deyildi. Mən ölkənin sırf iqtisadi problemləri ilə məşğul olurdum. Qarabağ problemlərindən də kənar deyildim.  Bütün səyimi Ermənistandan qovulub, Azərbaycana gələn qaçqınlara sərf edirdim.
20 yanvar olmaya da bilərdi, əgər radikal müxalifət Bakı qarnizonunun qarşısındakıları dağıtsaydı. Ancaq əks proses baş verirdi. Silahsız xalqı kazarmaların qarşısına göndərdilər. Mərkəzi Komitənin qarşısında da belə idi. Əfsuslar olsun ki, nahaq yerə qan axdı...
 
- Mərkəzi Komitənin 1-ci katibi Əbdürrəhman Vəzirovla 1990-cı ilin 20 anvar ərəfəsində rus qoşunlarının Bakıya girə biləcəyi ehtimalından danışırdınızmı? O, bu haqda nə düşünürdü? 
 
- Əbdürrəhman Vəzirov məgər bilirdi ki, 20 yanvarda ordu Bakıya girəcək? 16 yanvarda o, vəzifədən uzaqlaşdırılmış, Moskvaya getmişdi. Mərkəzi Komitə,  Nazirlər Kabineti, Bakı Komitəsinin binaları müxalifət tərəfindən zəbt olunmuşdu. Bunu Moskva Konstitusiya çevrilişi kimi qəbul edirdi. Beləliklə, müxalifət respublikanı zərbə altında qoymuşdu.  Ölkəni Moskvadan gələn Primakovun rəhbərliyi ilə yüksək vəzifəli şəxslər idarə edirdilər. Azərbaycanın bütün rəhbərləri vəzifələrindən uzaqlaşdırılmışdılar. Ordunun Bakıya girəcəyi xəbərini AXC liderlərinə həmin bu qrup demişdi. Hətta Mərkəzi Komitənin qarşısındakı mitinq zamanı camaatın qarşısında çıxış edən Primakov etiraf etmişdi ki, qoşunlar Bakıya girəcək, dağılın!  Bundan əlavə, Primakov və Moskvadan gələnlər AXC liderləri ilə görüşlərində də bunu vurğulamışdılar. Onlar xalqı Mərkəzi Komitənin qarşısından uzaqlaşdırmaq istəyirdilər. Müxalifət buna rədd cavabı vermişdi. Maraqlısı budur ki, Azərbaycan rəhbərliyinin bu danışıqlardan xəbəri 20 Yanvardan sonra oldu. Əbürrəhman Vəzirov Qırmızı Ordunun Bakıya girəcəyini ehtimal edirdi, ancaq girəcəyinə inanmırdı.    
- Vəzirov hakimiyyətdən gedəndən sonra onunla əlaqə yaratdınızmı? Belə bir şey oldusa,  ona nələr dediniz? 
 
- Vəzirov hakimiyyətdən gedəndən sonra onunla əlaqəm olmayıb.
 
- Müsahibələrinizdən birində demisiniz ki, o zamankı hökumət strukturları  AXC qüvvələrinə yardım edirdi.
 
-Mən əlavə də edərdim. 16 yanvardan sonra ölkədə hakimiyyət AXC-nin və Moskvadan gələn qrupun əlində idi. İkincilər birinciləri idarə edirdilər. Bu haqda Vaqif Hüseynov "Bir həyatdan çox” kitabında ətraflı yazıb.
 
-20 Yanvardan sonra hansı AXC liderləri ilə görüşmüşünüz? Zəhmət olmasa, adlar çəkərdiniz.
 
-Demək olar ki, hamısı ilə. Onlara əl-ələ verib, hakimiyyət uğrunda mübarizəni kənara qoymaq, ölkəni düşdüyü "Qarabağ tələsindən” qurtarmağı dəfələrlə təklif etmişəm. Hətta bir neçə AXC liderlərinə nazir və s. vəzifələr verdik ki, ölkədə stabillik olsun.
 
-Belə fikirlər var ki, siz və DTK sədri Vaqif Hüseynov 20 Yanvar cinayətinin ört-basdır  edilməsi üçün cəhdlər göstərmisiniz. Məsələn, eks-baş nazir Pənah Hüseyn mənə müsahibəsində belə demişdi. 
 
-Əlbəttə ki, bu, ağ yalandır.  Vaqif Hüseynov professional çekistdir və etdiklərinin kiminsə biləcəyi gülüncdür. Pənah Hüseynin bunu hardan bilməsi maraqlıdır. Gedib Vaqif Hüseynovun AXC haqqında yazdıqlarını oxusun.   
 
-Vaqif Hüseynovla əlaqələriniz hansı səviyyədə idi o zamanlar. Heç özünü hadisələrə görə təqsirkar hiss edirdimi?
 
-O zamanlar Vaqif Hüseynov  DTK-nın sədri  idi və ölkədə baş verən hadisələr haqda mənə birbaşa məlumat verirdi. Vaqif Hüseynovun bir vətəndaş kimi, yüksək DTK generalı kimi Çaykənd, Kamo və sairə kəndlərin erməni silahlı dəstələrindən azad olmasında  müəyyən rolu olub.
 
-Bu faciəyə görə, heç özünüzü təqsirləndirmisiniz? 
 
-Məgər mən xalqı kazarmaların qarşısına, rus tanklarının üzərinə göndərmişəm? Bu, Qorbaçov komandasının Azərbaycana qarşı təxribatı idi. Bu qırğını həyata keçirənlər Moskvadan gələn və respublika rəhbərliyini idarəçilikdən uzaqlaşdıran Primakovun  dəstəsi və müxalifətdə olan AXC-nin bəzi liderləri  idi. Bütün hadisələrin başında da bu iki qurum dururdu.

Baxış sayı: 3675 | Tarix: 18.01.2017
Bizi Telegramda izləyin: @repostaz