“Doqquzuncu sinif buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edirik”.
 
RePost.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
 
O qeyd edib ki, əlavə tarixlərlə bağlı məlumat müvafiq zamanda təqdim ediləcək:
 
“Bu da mövcud şəraitdən asılı olacaq. Şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq”.
 
Nazir həmçinin qeyd edib ki, hər hansı çeviklik tələb olunsa, ali təhsil müəssisələri ilə bağlı təkliflər də hazırlanacaq.
 
Nazir həmnçinin deyib ki, orta ümumtəhsil müəssisələrində son aylarda keçirilməyən mövzular üzrə sualların qəbul imtahanına salınmaması məsələsinə müsbət baxıla bilər.
 
Onun sözlərinə görə, 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları ötən il apreldə keçirilmişdi:
 
“Dövlət İmtahan Mərkəzi (DİM) dəfələrlə bildirib ki, aprel-mayda olan mövzuların sualları apreldəki imtahanlara daxil edilmir. Qəbul imtahanları isə normal halda iyunda keçirilir. DİM imtahan proqramlarını əvvəlcədən elan edir. Hazırda onlayn dərslər də keçirilir. Son 2-3 aydakı mövzular üzrə sualların imtahana salınmaması məsələsinə müsbət baxıla bilər. Bu məsələdə bir problem görmürük. Bəzi suallar müəyyən bacarıqları yoxlayır. Bəzi suallar isə mövzulara aiddir".

Baxış sayı: 2459 | Tarix: 27.04.2020
Bizi Telegramda izləyin: @repostaz