Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən xəbərə görə, bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən:
 
• dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdır);
 
• “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
 
• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
 
• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
 
• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

Baxış sayı: 2155 | Tarix: 01.05.2020
Bizi Telegramda izləyin: @repostaz