Gürcüstanda Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı avtomobil yollarının inşası ilə əlaqədar olaraq Marneuli rayonunda bir neçə vətəndaşa məxsus torpaq sahələri məcburi qaydada müsadirə olunacaq.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli "BusinessPressNews" nəşri yazıb.
Gürcüstanın Avtomobil Yolları Departamentinin sənədinə əsasən, yol inşası xüsusi ictimai əhəmiyyət kəsb edən layihə kimi tanınıb və bu səbəbdən tikinti zonasına düşən əmlakların ekspropriasiya hüququ quruma həvalə olunub.
Ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib ki, layihənin reallaşdırılmasının zəruriliyi səbəbindən Sadaxlı və Zemo Saral (Aşağı Saral) kəndlərindəki torpaq sahələri kompensasiya ilə məcburi şəkildə müsadirə ediləcək. Həmin torpaq sahələrinə Sadaxlı kəndində Valeh Bayramova məxsus 9 022 kvadrat metr kənd təsərrüfatı torpağının 1 737 kvadrat metri, Zemo Saral kəndində isə Asəf Abbasov və 5 nəfər soydaşımızın birgə mülkiyyətində olan 2 700 kvadrat metr kənd təsərrüfatı torpağının 1 457 kvadrat metri daxil olub.
Məcburi müsadirə mexanizminin tətbiqinə torpaq sahələrinin alınması ilə bağlı mülkiyyətçilərlə razılığa gəlməyin mümkünsüzlüyü səbəb olub.