“Yaxşı olardı ki, biz bütün xəstələrin hamısını xəstəxanalarda və yaxud karantində saxlayaq. Amma təəssüflər olsun ki, bu, mümkün deyil". 
 
RePost.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
 
Onun sözlərinə görə, : “Hazırda 8000-dən çox aktiv xəstəmiz var. Bütün ölkələr ilk mərhələdə xəstələrin xəstəxanalarda təcrid olunmasını seçmişdi. Amma hazırda bu, mümkün deyil. Bütün ölkələr bundan imtina etdi. Demək olar ki, bu gün bütün ölkələrdə evdə təcrid metodu istifadə olunur. Bu gün yeganə düzgün yol budur”.
 
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə deyib ki, əslində xəstəxana müalicə üçündür, nəzarət üçün deyil: “Ölkədə epidemiyanın ilkin mərhələsində koronavirusun təbiəti ilə bağlı məlumat az idi. Onun əlamətləri, müalicəsi, fəsadları ilə bağlı fərqli məlumatlar var idi. Xəstələrin və yoluxmuş şəxslərin sayı nisbətən az olan vaxtda onların hamısı xəstəxanaya götürülürdü. Xəstəxanada nəzarət altında saxlanılırdı, müayinə olunurdu. Bəzən müalicəyə də ehtiyac olmurdu və yaxud vitaminlər vasitəsilə dəstək müalicəsi aparılırdı, nəticəsi mənfi çıxandan sonra evə buraxılırdı. Hazırda ölkədə koronavirusa yoluxan şəxslərin sayı kifayət qədər çoxdur. Onların hamısı xəstəxana fondu, onlara qulluq edəcək və lazım olsa müalicə aparacaq həkimlər üçün yükdür.
Belə olan halda tibb xidmətinin olduqca yüklənməsi baş verə bilər. Bunu nəzərə almaqla biz simptomsuz və ya yüngül əlamətli insanların, həmçinin xeyli sayda COVID diaqnozu təsdiqlənməmiş, amma yenə nəzarətdə olan insanların ev şəraitində saxlamağı daha optimal hesab edirik. Vətəndaşlarımızın bununla bağlı məsuliyyəti haqqında biz bir neçə dəfə danışmışıq. COVID-ə yoluxmuş şəxs ev şəraitində nəzarət altındadırsa, təbii ki, evdə də birgə yaşayış olan şəxslərlə təcridolunma təmin olunmalı və onun evdən kənara çıxması da baş verməməlidir. Bunun hüquqi tərəfi var, həmin şəxslər iltizamnaməyə qol çəkirlər ki, evi tərk etməyəcəklər. Burada hamımızın məsuliyyətindən danışa bilərik. Çünki hər bir yoluxmuş insanın yanına polis qoya bilməyəcəyik”.

Baxış sayı: 2060 | Tarix: 20.07.2020
Bizi Telegramda izləyin: @repostaz