Bakının Nərimanov rayonunda sürücülərlə Bakı Nəqliyyat Agentliyi əməkdaşları arasında daha bir qalmaqal baş verib.
 
BAKU.WS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxtın Əhməd Rəcəbli küçəsinə paralel küçələrdə (Atatürk liseyinin qarşısı) yolda durma-dayanma ilə bağlı heç bir qadağanedici nişan olmadığı halda iş mərkəzlərinin qarşısında küçənin kənarında parklanan maşınlara kütləvi şəkildə cərimələr yazırlar.
 
Buna etiraz edən Fikrət Məmmədov adlı sürücü BNA əməkdaşlarının hadisə yerinə dəvət etdiyi polislər tərəfindən saxlanılıb. Nəqliyyat əməkdaşları polisə F.Məmmədovun onları təhqir etdiklərini iddia ediblər.
 
Özünü BNA əməkdaşı kimi təqdim edən güllü köynək və cins şalvar geyinən şəxs isə BAKU.WS-in əməkdaşına avtomobillərin durma-dayanmaya görə deyil, parklanma qaydalarını pozduqlarına görə cərimə olunduğunu bildirib. O qeyd edib ki, avtomobillər yol kənarında səkiyə paralel dayanmalıdır.
 
Bununla bağlı xəbərdaredici nişanın olmadığına gəlincə, nəqliyyat əməkdaşı bir gün öncədən sürücülərə xəbərdarlıq edildiyini iddia edib. Amma sürücülər məlumatı təkzib edərək onlara heç bir xəbərdarlıq edilmədiyini, hətta ərazidə parklanmaya görə pul yığan əməkdaşın da onlara bu barədə heç bir söz demədiyini bildiriblər.
 
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə açıqlamasına bildirib ki, Əhməd Rəcəbli küçəsində sürücülərin dayanma-durma və parklanma qaydalarına riayət etməməsi qeyd edilən ünvanda ümumi hərəkətə maneə yaradır.
 
“Xüsusən də bu yoldan keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar davamlı olaraq qanunsuz parklanma səbəbindən sıxlıqda qalır ki, bu da intervalda gecikmələri qaçılmaz edir. Nəticədə ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkirlər. Qanunsuz parklanma halları eyni zamanda bu yoldan keçən piyadalar üçün də ciddi çətinliklər yaradır.
 
Bütün bu narahatlığın aradan qaldırılması ilə bağlı həm ictimai nəqliyyat istifadəçilərindən həm də piyadalardan Agentliyə müraciətlər daxil olur.
 
Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq Əhməd Rəcəbli küçəsində sürücülərin dayanma-durma və parklanma qaydalarına riayət etməsi üçün xidməti fəaliyyət təşkil edilib.
 
İlk növbədə sentyabrın 24-də küçə boyunca sürücülərə xəbərdarlıq edilib. Lakin təəssüf ki, iki gün ərzində olunan xəbərdarlıq nəticəsiz olub.
 
Bunu nəzərə alaraq bu gün səhər Əhməd Rəcəbli küçəsində avtomobilini parklanma qaydasını pozaraq səkiyə perpendikulyar park edən və yolun ikinci hərəkət cərgəsində saxlayan sürücülərə qarşı inzibati tənbeh tədbiri görülüb”, - deyə qurum rəsmisi bildirib.


Baxış sayı: 2497 | Tarix: 25.09.2020
Bizi Telegramda izləyin: @repostaz