Sosial şəbəkələrdə şəhidlərin dəfn olunması üçün seçilən yerlərin uğursuz və onların adına layiq olmaması hər kəsin narazılığına səbəb olub.
 
Şəhid ailələrinin problemləri olduğunu vurğulayaraq süni şəkildə problemli vəziyyət yaratmağa çalışan qüvvələr bəlli - onların məramları, istəkləri və niyyətləri əyan idi.
 
Vətən Müharibəsini qələbə ilə başa vuran müzəffər Azərbaycan əsgərinin ailəsi sadəsə, onun böyüdüyü cəmiyyət həlqəsi deyil. Şəhidin ailəsi Vətəndir, hər birimizin və Vətən uğrunda canından keçən hər Yurd övladıdır.
 
Xatırladaq ki, həmin şəhidlərin ailə üzvləri, yaxınları isə artıq neçə gündür etiraz aksiyaları keçirirlər.
 
Dövlət qurumlarının qarşısına toplaşır, tələblərini səsləndirirlər.
 
Onlar şəhid düşmüş 18 nəfərin - övladın, qardaşın, ərin, atanın İkinci Şəhidlər Xiyabanında dəfn olunmasını istəyirlər.
 
Aksiyaların sonuncusu isə şəhidlərin məzarlarını sökmək istəyi olub.
 
Sinirli, qəzəbli şəhid anasını, şəhid bacısını, şəhid qardaşını anlayırıq.
 
Dərdini, kədərini.
 
Lakin emosiyalara qapılaraq tələskənlik etmək, hadisələrin məcrasından özünü kənar düşmüş insan, problemlərinin qulaqardına vurulduğunu, Dövlətin Şəhidə biganə qaldığı zamanın fərdi kimi davranmaq yanlışdır.
 
Yaranmış situasiyadan isə həmişə olduğu kimi, ara qataraq dövlətlə vətəndaş münasibətlərində böyük ara olduğunu iddia edən fürsətcil "müstəqil media", daha doğrusu, YouTube-dakı "xəbər kanalları" maksimum dərəcədə faydalanmağa çalışdılar.
 
Kədər sakral hissdir: şəhadətə yüksəlmiş, Vətən uğrunda savaşda millətin qəddini dik, alnını açıq etmiş oğullarımızın anaları, bacıları, xanımlarının qəmi əslində ələm deyil, milli zəfərin itki inikasıdır.
 
18 şəhidin məkanı az sonra zahiri görünüşünü tam dəyişəcək.
 
Batin dəyişməz qalacaq - o batində Vətənin 18 göz bəbəyi uyuyur.
 
10 milyon gözün nuru olan şəhidlər.
 
Şəhidin xatirəsinin uca tutulması hər birimizin, həmçinin onların ailə üzvlərinin də borcudur.
 
... Bakıda ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.
 
RePost.Az bildirir ki, məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Məlumata görə, məzarlar açılarkən şəhidlərin ailə üzvləri və yaxınları, rəsmi şəxslər də iştirak edib. Məzarların daxilində hər hansı su axıntısı və sızıntısı müşahidə edilməyib.
 
Qeyd edək ki, məzarların yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin optimal həll yolu müəyyən edilib.
 
Yanvarın 30-da isə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilərək, şəhidlərimizin cənzasi Yasamal rayonundakı Şəhidlər Xiyabına köçürülüb.

Baxış sayı: 2839 | Tarix: 31.01.2021
Bizi Telegramda izləyin: @repostaz