Şübhəsiz ki, dünya miqyaslı istənilən tədbir iştirakçılar üçün beynəlxalq münasibətləri və əməkdaşlığı genişləndirmək, ölkənin strateji maraqlarını təqdim və təmin etmək baxımından unikal imkanlar yaradır. Lakin müşahidələr göstərir ki, bu imkanlardan səmərəli istifadə etmək bacarığı heç də bütün iştirakçılara xas deyil. Müasir dövrün ən effektiv qlobal platformalarından biri Davos Dünya İqtisadi Forumudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə bu forumda ən fəal və effektiv iştirakçılardan biri kimi seçildi.
 
Ümumi şəkildə vurğulasaq, Azərbaycan Prezidenti keçirdiyi görüşlər, apardığı müzakirələr və səsləndirdiyi fikirlərlə regional və beynəlxalq proseslərdə ölkəmizin təsirli rolunu bir daha nümayiş etdirdi. Nəzərə almaq lazımdır ki, Davos Dünya İqtisadi Forumunun sayca 56-cı sessiyası tarixi şəraitin mürəkkəbliyi və qlobal siyasi-iqtisadi proseslərin ciddi turbulentliyi fonunda baş tutdu. Ölkə Prezidentinin Forum çərçivəsində ölkəmizin bugünkü və gələcək rifahına hesablanmış dəqiq gündəlik əsasında qurduğu təmaslar və müəyyənləşdirdiyi müzakirə mövzuları olduqca əhəmiyyətli idi.
 
Bütün beynəlxalq platformalarda olduğu kimi, Davos Dünya İqtisadi Forumunda da əsas diqqət məhz Azərbaycan Prezidentinin yüksək diplomatik bacarıqlarına yönəlmişdi. Bunu digər iştirakçılar da açıq şəkildə etiraf edirdilər. Belə ki, yanvarın 20-də baş tutan panel müzakirəsi zamanı Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı fikirlərini bildirərək onu dostu və müasir dövrün böyük liderlərindən biri adlandırdı. A. Vuçiç Azərbaycan Prezidentinin regional əməkdaşlıq və mövcud vəziyyətlə bağlı fikirlərini də tam dəstəklədiyini vurğuladı.
 
Göründüyü kimi, cənab İlham Əliyev səsləndirdiyi fikirlər və sərgilədiyi mövqeyi ilə diqqət mərkəzində oldu. O, dövlətlərin öz suverenliyini və müstəqilliyini qorumalarının vacibliyindən çıxış edərək, birgə fəaliyyətin və əməkdaşlığın alternativsizliyini əsaslandırdı ki, bu da iştirakçı dövlətlərin böyük əksəriyyətinin maraqlarına cavab verir. Diqqəti cəlb edən əsas məqamlardan biri də ondan ibarət idi ki, Azərbaycan Prezidenti sülh gündəliyinin inkişaf etdirilməsi üçün Davos Dünya İqtisadi Forumundan səmərəli platforma kimi istifadə etdi.
 
Sözsüz ki, regionda dayanıqlı sülhün əldə olunması ölkəmizin əsas məqsədlərindən biridir. Prezident Forum çərçivəsində Ermənistanla münasibətlər kontekstində bir daha sülh gündəliyini irəli sürdü. Prezident İlham Əliyev qeyd etdi ki, 30 illik münaqişədən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş və sülh gündəliyini formalaşdırmışdır. “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” adlı panel müzakirəsində sülh gündəliyinə toxunulması həm də ona işarə idi ki, ölkəmiz uzun illər davam edən münaqişəyə öz iradəsi və gücü ilə son qoymaqla unikal əməkdaşlıq imkanları yaratmışdır.
 
Eyni zamanda, beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, regionda yeni geosiyasi reallıqları və birgə fəaliyyət imkanlarını şərtləndirən əsas tərəf məhz Azərbaycandır. Xatırlatmaq istərdik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün mühüm beynəlxalq platformalarda preventiv diplomatik və perspektiv gücləndirici mövqeyini ardıcıl və uğurla nümayiş etdirir ki, bu da beynəlxalq ictimai rəyin formalaşmasında güclü təsiredici amil rolunu oynayır.
 
Panel müzakirələrində iştirak edən Ermənistan Prezidenti də etiraf etdi ki, İlham Əliyevin sözlərinə nəsə əlavə etmək çətindir. Müzakirə iştirakçılarının Azərbaycan Prezidentinin tezislərini dəstəkləməsi və inkişaf etdirməsi bir daha göstərdi ki, Forum çərçivəsində cənab İlham Əliyevin mövqeyi və səsləndirdiyi fikirlər təyinedici və müəyyənləşdirici rol oynayır.
 
Azərbaycan Prezidentinin görüşlər və müzakirələr zamanı ölkəmizin enerji sahəsindəki əhəmiyyətini vurğulaması, yeni sərmayələrin cəlb edilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər ölkəmizin iqtisadi gücünün davamlı təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər iştirakçılar daha çox münaqişəli vəziyyətlər ətrafında müzakirələr apardığı halda, cənab İlham Əliyev həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin iqtisadi rifahı baxımından strateji əhəmiyyətə malik enerji gündəliyini fəal şəkildə təşviq etdi.
 
Prezident bir daha diqqətə çatdırdı ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikasının mühüm rolu vardır. O, ölkəmizin 16 dövlətə təbii qaz ixrac etdiyini və onlardan 10-nun Avropa İttifaqı üzvü olduğunu qeyd etməklə Azərbaycanın Avropa enerji bazarındakı xüsusi roluna diqqət çəkdi. Prezident həmçinin “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə yaşıl enerji mənbələrinin inkişafı istiqamətində ölkəmizin potensialı və planları barədə məlumat verdi və bildirdi ki, Azərbaycan 2032-ci ilə qədər 8 QVt günəş və külək enerjisi istehsal etməyi planlaşdırır.
 
Bu isə onu göstərir ki, ölkə Prezidenti enerji sahəsində yeni əməkdaşlıq və sərmayələrin cəlb olunması üçün strateji istiqamətləri müəyyənləşdirir. Qeyd etmək lazımdır ki, cənab İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində biznes və maliyyə strukturlarının nümayəndələri ilə də kifayət qədər məhsuldar görüşlər keçirdi. Aparılan müzakirələr ölkəmizin sərmayə mühitinin daha da gücləndirilməsinə, enerji, texnologiya və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmişdi.
 
Tərəf müqabili olan şirkət və qurumların nümayəndələri Azərbaycanın investisiya mühitini yüksək qiymətləndirdiklərini bildirdilər. Məsələn, “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirərək proqnozlaşdırıla bilən investisiya mühiti və ardıcıl maliyyə siyasətinin mövcudluğunu vurğuladı. O, həmçinin “J.P. Morgan” şirkətinin ARDNF ilə uzunmüddətli əməkdaşlığının əhəmiyyətini qeyd etdi və bu əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirdi. Digər maliyyə və biznes qurumlarının nümayəndələri ilə görüşlərdə də uzunmüddətli əməkdaşlıq imkanları müzakirə olundu.
 
Göründüyü kimi, Davos Dünya İqtisadi Forumu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin beynəlxalq iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından son dərəcə səmərəli platforma kimi istifadə olunur və bunu biz Azərbaycanın beynəlxalq nüfuzunun artan fonunda hər il müşahidə edirik.
 
Davos Forumu eyni zamanda Azərbaycanın beynəlxalq siyasi iştirakçılıq imkanlarının genişlənməsi ilə də yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda bir sıra ölkə rəhbərləri ilə yanaşı, ABŞ Prezidenti Donald Trampla da görüş keçirdi. Görüş zamanı Azərbaycan–ABŞ siyasi dialoqunun və praktiki əməkdaşlığın dinamikliyinin əhəmiyyəti xüsusi vurğulandı. Regionda həyata keçirilən Zəngəzur dəhlizi layihəsi ətrafında aparılan müzakirələr nəqliyyat-logistika sahəsində iki ölkə arasında ortaq maraqların mövcudluğunu təsdiqlədi.
 
Azərbaycanın “Sülh Şurası”na təsisçi ölkə qismində dəvət olunması iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirilə bilər. Görüş çərçivəsində cənab İlham Əliyev tərəfindən “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması Azərbaycan Respublikasının beynəlxalq iştirakçılıq imkanlarının daha da genişlənməsi baxımından mühüm addım kimi dəyərləndirilməlidir.
 
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 19–23-də keçirilən Davos Dünya İqtisadi Forumunda növbəti uğurlu iştirakı ölkəmizin beynəlxalq nüfuzunun və təsir imkanlarının daha da güclənməsinə zəmin yaratdı. Eyni zamanda, beynəlxalq maliyyə və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi ölkəmizdə sosial-iqtisadi rifahın davamlı yüksəlməsinin mühüm drayverinə çevrildi. Azərbaycan qlobal səhnədə fəal aktor kimi öz mövqeyini və rolunu bir daha təsdiqlədi.
 
Elşad Mirbəşiroğlu
 
YAP İdarə Heyətinin üzvü,
 
Siyasi elmlər doktoru

Baxış sayı: 369 | Tarix: 23.01.2026
Bizi Telegramda izləyin: @repostaz