Məğrur Əli Polad yazır
 
Ötən ilin bu günü, bu saatlarda Haramı düzündəki N saylı briqadadan (hazırda Şuşada yerləşir) öz əsgərlərimlə birgə təyin olunduğum artilleriya divizionuna gedirdim. Hava yaman istiydi. Bizi daha sonra oradan atəş mövqeyimizə aparacaq maşınımızı gözləyənə qədər səhra hamamında əlüstü yuyundum. Ağlıma da gəlməzdi ki, qarşıdakı bir ay ərzində bədənimə su dəyməyəcək...
 
Axşamtərəfi çatdıq mövqeyə. Maşında ağdamlı batareya komandirim soruşdu ki, haralısan. Əlimi hələ işğalda olan torpaqlarımıza tərəf uzadıb, dedim ki, qarşıdakı kənddən - Yuxarı Seyidəhmədlidənəm. Dedi, bu yaşda nə yaxşı gəlmisən. Acıqlı cavab verdim ki, mənim kəndimi sən azad edəssən? Güldü.
 
Füzulidən bir maxe-miz vardı, Quluzadə. Sonra 2 dəfə yaralandı. Evdən çolpa soyutması, tut arağı gətirmişdi. Çölün ortasında yedik-içdik. Tost dedim, əsgər-zabitlərimizin sağlığına, Şuşada qeyd etməyimizi arzuladım (düz 40 gün sonra həyata keçdi).
 
Aylı gecəydi. O qədər sakitlikiydi ki, qu desən, qulaq tutulardı. Kamerası, interneti olmayan köhnə balaca telefondan evə mesaj yazdım ki, nigaran qalmayın, yaxşıyam (Sonralar əsas telefonumun olmamağına görə o qədər təəssüfləndim ki... Nələr çəkə bilərdim... Heyf ki, icazə verməmişdilər).
 
Bəlli hədəflərə tuşlanmış, hazır vəziyyətdə olan toplarımızın yanında kombatnan yataq kisələrimizi açıb girdik içinə. Torpaqdakı çala-çuxurlar, kol kötükləri məni əzirdi deyə, düz-əməlli yuxulaya da bilmədim (sən demə, qarşıdakı gecələrlə müqayisədə bu, komfort imiş).
 
Səhər 7:20 radələri olardı. Artıq acqarına 2-3 siqaret çəkmişdik. Hamımız dinməz, amma gərgin şəkildə baş telefonçumuz, qubalı balası Paşayevin ağzına baxırdıq. Və axır ki! Ratsiyadan gələn səsi Paşayev təkrar etməmiş, kombat çığırdı: Atəş!!!
 
İlahi, həyatın gedişatı bu dərəcədə anidən və bu dərəcədə kəskin necə dəyişə bilərmiş... Cəmi bir neçə dəqiqə sonra qulaqbatıran partlayış səsləri, zirehli texnikanın nəriltisi, toz-duman, qulağımızın dibindən kəpənək kimi pırıltı səsi çxararaq uçan qəlpələr, başımızın üstündən şütüyən dronlar, minaya düşərək yanan tanklar, yaralılar, şəhidlər...
 
Bəlkə də atəş əmri ilk bizə gəlmişdi. Çünki bizim toplar düşmənin ön səngərlərini və texnikasını vuran reaktiv sistemlər idi. 10-15 dəqiqə keçməmişdi ki, BMP-lər toplarımızın arasında öz yerlərini tutub atəş açmağa başladı. Yadımdan çıxmaz, onların birində lyuku bağlı saxlamışdılar deyə, içəridə hərbçilər barıt tüstüsündən zəhərlənib huşunu itirmişdi. Gücnən bayıra çıxarıb ayıltdıq. Bəlkə də onlar daha sonra şəhid, qazi olacaqdı. Ən çox itki verən bizim hərbi hissənin digər hərbçiləri kimi...
 
Ancaq 27 sentyabr 2020-ci il, səhər saat 8-də hələ bunu heç kim bilmirdi... Amma bir şeyi əsgərdən komandirlərə kimi hamı çox yaxşı dərk edirdi: Bizə 30 il gözlədiyimizi vermişdilər! Atəş-i! Başqa nə olmalıydı ki?!
Gecələr öz komandir vəzifəsi ilə yanaşı, ön xətdən şəhidlərimizin cəsədlərini çıxaran Quliyev Vüqar, şəxsi heyəti ailə başçısı qayğıkeşliyi və dəqiqliyi ilə idarə edən starşinamız Həsənov Elmir, üst-başı qan içində olan sanitarımız Sahib, MAZ-ı qova-qova bizə mərmi daşıyan sürücümüz Samir Babayev, Ağayev, Mirzəyev, top atmaqdan qulağından qan açılan Nağızadə, soyadı kimi qəhrəman top komandiri Elçin Qəhrəmanov, Ümid Qurbanov, zirehli maşını ilə gözümüzün qarşısında 3 dəfə minaya düşüb ağır vəziyyətdə yanan texnikadan çıxıb qaçan (!), sonradan bir həftə komada qalan Ramin Qarayev, düşmən təyyarəsinin vurduğu təcili yardımda ikinci dəfə yaralanan Qafarov, qan-tər, toz-torpaq içində bircə gözlərindən kim olduğu seçilən, ağır mərmiləri qucağında topların yanına daşıyan, tuşlayan, atəş açan Nurlan, Tarik, Nəcəf, Sadiq, Elgünlər, Natiq, Anar, Orxan, Səbuhi, İsgəndərov... Bütün Azərbaycan burdaydı!
 
Və beləcə, 44 gün ərzində Füzulidən Cəbrayıla, Qubadlıya, Hadruta, Xocavəndə və Şuşaya qədər nələr görəcək, nələr yaşayacaq, nə əziyyətlər, ağrılar keçirəcəkdik... Amma sonda hamısını unutduracaq, özləri isə heç vaxt unudulmayacaq 8 və 10 noyabr vardı. Nə yaxşı ki!..

Baxış sayı: 1813 | Tarix: 26.09.2021
Bizi Telegramda izləyin: @repostaz