Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, diplomat Fərid Şəfiyev Qazaxıstanda baş verən hadisələri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın (KTMT) Prezident Qasım-Comərt- Tokayevin müraciəti əsasında ölkəyə hərbi qüvvələr göndərməsini "Ayna.az" saytına müsahibəsində şərh edib.
 
RePost.Az Fərid Şəfiyevin müsahibəsini təqdim edir:
 
- Qazaxıstanda bir neçə günün içərisində hadisələr episentrindən çıxdı və qanlı toqquşmalara gətirib çıxardı. İkrinizcə, baş verənlər əvvəlcədən planlaşdırılmış ssenari, yoxsa qazax xalqının hakimiyyətə qarşı qiyamı idi?
 
- Qazaxıstanda baş verən hadisələr sosial-iqtisadi problemlərdən qaynaqlanırdı. Eyni zamanda korrupsiya ilə bağlı problemlər də bu etirazları alovlandırırdı. Nəticədə etirazlar artıq geniş xarakter almağa başladı və bütün ölkəboyu yayıldı. Təbii ki, baş verənlərdən sonra beynəlxalq güclər hadisələrə müdaxilə etməyə cəhd etdi. Daha doğrusu, vəziyyətdən istifadə etməyə çalışdılar. Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin Qazaxıstanda yerləşdirilməsi hadisələrin gedişatını fərqli istiqamətlərə aparır. Hesab edirəm ki, KTMT qüvvələri bəlli və qısa bir müddət ərzində, misal üçün, bir neçə ay ərzində orada qalacaqlar. Vəziyyət sabitləşəndən sonra onların geri qayıdacağı gözlənilir. Bundan sonra vəziyyətin ölkənin daxilində həll olunacağı ehtimalı var. Yox əgər bunun əksi baş versə, yəni KTMT qoşunları uzun müddət qalarsa, bu, Qazaxıstanın milli dövlətçiliyi və müstəqilliyi üçün ciddi fəsadlar yaradacaq.
 
- Tokayevin iğtişaşçılara qarşı xəbərdarlıq edilmədən atəş açılması barədə qərarı ciddi müzakirə mövzusudur. ABŞ və Qərb isə baş verənlərə susur, yalnız bir neçə cümləlik bəyanatlar verməklə kifayətlənirlər...
 
- Son illər Qərb, o cümlədən ABŞ Orta Asiyada fəal siyasət aparmır və ola bilsin ki, məhz elə bu səbəbdən onların tam formalaşmış mövqeyi yoxdur. Eyni zamanda son hadisələrin xronologiyasına baxsaq, görərik ki, ortada təxribatçı addımlar da atılıb. Düzdür, Qərb təsisatları insanların etiraz haqlarını həmişə dəstəkləyir, lakin burada artıq söhbət zorakılıqdan gedir. Ortada talançılıq, vətəndaşların mülkiyyət hüquqlarına qarşı zorakılıq və digər təxribatlar baş verib. Belə olduqda Qərbin bu mövqeyi anlaşılan və təbiidir. Hesab edirəm ki, Qərbin baş verənlərə reaksiyası müvafiqdir.
 
- “Demokratiya sammiti”ndə Bayden bildirdi ki, 2022-ci il dünyada “demokratiya ili” olacaq. Supergüc real təsir imkanlarını itirib, yoxsa Qazaxıstanda maraqları yoxdur deyə seyrçi mövqe tutur?
 
- Qazaxıstan hadisələri kontekstində Baydenin bəyanatına nəzər yetirsək, görərik ki, insanlar etiraz edib və müəyyən məqsədlərinə nail olublar. Onların israrlı tələbindən sonra yanacağın qiyməti endirilib, Təhlküəsizlik Şurasının sədri və hökumət istefaya göndərilib. Bu xüsusda Baydenin söylədiklərində məntiq tapmaq mümkündür. Lakin bir daha söyləmək istəyirəm ki, bu hadisələri meydana gətirən əsas hadisələr daxili problemlərdən qaynaqlanır. Sonradan müxtəlif geosiyasi qüvvələr bundan istifadə edərək, öz xeyrinə yararlanmaq istəyirlər.
 
- Tokayevin müraciəti əsasında KTMT-yə üzv dövlətlərin, o cümlədən Rusiyanın hərbçiləri Qazaxıstandadır. Belarusun ardınca Qazaxıstanın da Rusiya ilə birgə ittifaqa daxil olacağı gözlənilirmi?
 
- Əgər dorğudan da, qeyd etdiyim kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri orada uzun müddət qalsalar, o zaman Qazaxıstanın həm milli kimliyi, həm də müstəqilliyi üçün fəsadlar yaranacaq. Qısa müddətlik dövrü əhatə edəcəksə, yenidən daxili sabitliyi bərpa etmək mümkün olacaq. Rusiyanın Belarusdan sonra Qazaxıstanla ittifaq yaratması çox çətin olacaq. Etiraf etmək lazımdır ki, bu ölkə son 30 il ərzində ciddi inkişaf yolu keçib. Burada Nazarbayevin də rolu az deyil. 1986-cı ildə də Qazaxıstanda oxşar hadisələr baş vermişdi. Sovet dövründə Qazaxıstana Kolbin soyadlı rus birinci katib təyin etmişdilər. Bundan sonra etirazlar başladı və Nazarbayev hakimiyyətə gəldi. Bu 30 il ərzində əhalinin sayı artıb, habelə ölkə ciddi inkişaf yolu keçib.
 
Belarusla müqayisədə bu dövlətin fərqli cəhətləri çoxdur. Belarus ruslara daha yaxın ölkədir. Qazaxıstanda isə milli kimlik güclüdür. Bu baxımdan Rusiyanın onları ittifaqa cəlb edə biləcəyi inandırıcı görünmür. Təbii ki, bu istiqamətdə müəyyən ssenarilər ola bilər, lakin reallıqda mümkün deyil. Bəzi rus siyasətçiləri digər formada yenidən Sovet İttifaqını bərpa etmək istəsələr də, buna nail olacaqları qətiyyən inandırıcı deyil. Hətta bu məqsədlə bəzi dövlətlərin, misal üçün, Ukraynanın, Qazaxıstanın milli kimliyini inkar etməyə çalışırlar. Mən bir az optimist olmaq istəyirəm və inanmıram ki, Qazaxıstanda bunu həyata keçirmək mümkün olsun. Bu ölkədə yetərli qədər saf millətçi qüvvələr yetişib və bunu da nəzərdən qaçırmaq lazım deyil.
 
- Qazaxıstan qarışdı və ölkə yeni dönəmə qədəm qoydu. Bundan sonra bu ölkənin taleyi necə olacaq?
 
- Təbii ki, bir diplomat və azərbaycanlı olaraq çox istəyirəm ki, Qazaxıstanda tezliklə sabitlik bərpa olunsun. Azərbaycan xalqının və bütün türk dünyasının istəyi budur. Çünki qazax xalqı bizimlə dost və qardaş xalqdır. O ki qaldı proqnozlara, hadisələr göstərir ki, daxildə köklü islahatlar aparılmalıdır. Bunlar baş tutsa, təbii ki, Qazaxıstanın gələcəyi barədə nikbin fikirlər söyləmək mümkündür. Qazaxıstan iqtisadi cəhətdən güclü bir dövlətdir. Onun güclü sənayesi var. Bu ölkə təkcə neftdən asılı deyil, digər sahələrdə də inkişaf mövcuddur. Pandemiya ilə bağlı müəyyən problemlər meydana gəlsə də, kosmetik deyil, dərin və tutarlı islahatlar baş tutarsa, dost ölkə bu çətinlikdən xilas ola biləcək.

Baxış sayı: 654 | Tarix: 10.01.2022
Bizi Telegramda izləyin: @repostaz