Prezidentin Fərmanı ilə rəqəmsallaşmaya dair ayrıca Şuranın yaradılması və Birinci vitse-prezidentin Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilməsi rəqəmsallaşma kimi fövqəladə mühüm layihə üzrə məsuliyyətin dərəcəsini və uyğun olaraq cəmiyyətdə ona inamı artırır.
 
Ayrıca Şuranın yaradılması və Mehriban Əliyevanın rəhbər təyin olunması hər şeydən əvvəl Prezidentin bu istiqamətə verdiyi önəmin göstəricisidir.
 
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında Süni intellekt (AI) məlumat mərkəzləri və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq xüsusi qeyd edilib. Yəni, ABŞ şirkətləri rəqəmsallaşma sahəsində Azərbaycanın əsas tərəfdaşıdır. Cey Di Vens isə sənədi imzalamış və bilavasitə danışıqlar aparmış şəxsdir.
 
Azərbaycanın Birinci vitse-prezidentinin milli iqtisadiyyatın rəqəmsallaşması kimi strateji bir məsələyə rəhbərlik etməsi ABŞ şirkətlərinin Azərbaycanı regionun rəqəmsal habına çevirmək üçün çox strateji bir təyinatdır. Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasına sədrliyi ABŞ şirkətlərinə Azərbaycanda işləmək üçün yüksək səviyyədə siyasi təminat verilməsidir. Birinci vitse-prezident xarici investorlar üçün layihələrin riskini minimuma endirir.
 
Nüfuzlu rəhbər və güclü idarəetmə təkcə xarici deyil, yerli investorlar üçün də zəmanət rolunu oynayır, riskləri azaldır və layihənin iqtisadi rentabelliyini artırır.
 
Bu, o deməkdir ki, Prezident İlham Əliyev bu beynəlxalq iqtisadi rəqabətdə uğur qazanmaq niyyətindədir.

Bu, o deməkdir ki, hökumətin çevikliyi artacaq, bütün dövlətlərə xas olan qurumlararası razılaşdırmalar maksimum sürətlənəcək, bürokratik proseslərə sərf olunan vaxt ən zəruri həddə qədər minimallaşacaq, qərar qəbulu prosesi sadələşəcək, sürəti artacaq və tapşırıqların icrasına nəzarət güclənəcək, resursların (maliyyə, texniki) səmərəli idarə olunması təmin ediləcək ki, bütün bunlar da layihələrin vaxtında, yüksək keyfiyyətlə başa çatmasının zəmanətidir.
 
Bu, habelə müxtəlif texniki sahələri (mühəndislik, IT, infrastruktur) bir araya gətirərək vahid texniki siyasət yürüdülməsinə imkan verəcək.
 
Artıq “rəqəmsal inkişaf” iqtisadiyyatın bütün sahələrini, hətta təhsil və elm sahələrini də əhatə edərək “rəqəmsal iqtisadiyyat”, “rəqəmsal həyat” mənasını kəsb edir. Şuranın yaradılması zamanla ayaqlaşmağı hədəfləyən yeni strukturlaşma göstəricisidir.
 
Şuranın ayrıca, qurumlarüstü bir struktur olması, Birinci vitse-prezidentin rəhbərliyi texnoloji yenilənmənin bütün sferalara, hətta yeniliklərə kommersiya marağı göstərməyən, texnoloji inkişafa vəsait xərcləməyə tərəddüd edə biləcək sahələrə də yayılmasına təkan verəcək.
 
Birinci vitse-prezidentin Şuranın sədri olması iri dövlət şirkətlərini də illik gəlirlərinin müəyyən bir hissəsinin texnoloji inkişafa sərf olunmasına sövq edəcək. Bu isə özəl şirkətlərin də bu istiqamətdə hərəkətlənməsinə səbəb olacaq.

İbrahim Məmmədov

Baxış sayı: 350 | Tarix: 27.02.2026
Bizi Telegramda izləyin: @repostaz