Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib. Hər iki təqdimata müsbət rəy komitə onları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.
 
RePost.Az-ın məlumatına görə,  Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif olunan Taleh Kazımov hazırda "PAŞA Bank" ASC-nin Baş İcraçı direktoru və İdarə heyətinin sədridir.
 
Taleh Kazımov 1983-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan əlavə, Taleh Kazımov 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.
 
T.Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.
 
O, 1 iyul 2015-ci il tarixində PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri vəzifəsinə təyin olunub. Öncəki dövrdə PAŞA Bankın Baş investisiya inzibatçısı və İdarə heyətinin üzvü qismində çalışıb və tabelçiliyində biznesin inkişafı, institusional və investisiya bankçılığı, korporativ və KOS-bankçılıq, və risklərin idarə olunması sahələri olub. O, PAŞA Banka 2007-ci ildə Risklərin idarə edilməsi departamentinin meneceri olaraq qoşulub, 2009-ci ildə isə bankın Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə yüksəlib.
 
Maliyyə sektorunda peşəkar karyerasına 2004-cü ildə Bank Standard-da Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi qismində başlayıb, daha sonra isə Uçotun idarə olunması və büdcə planlaşdırılması seqmentinin rəhbəri, Korporativ kreditləşmə seqmentinin direktor müavini vəzifələrində çalışıb. Eyni zamanda, 2006-cı ildə "Ernst and Young" şirkətində auditor vəzifəsində də işləyib.
 
Taleh Kazımov 2015-2018-ci illərdə “PAŞA Bank Gürcüstan” ASC-nin Müşahidə şurasının üzvü, 2015-2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və vitse-prezidenti olub.

Baxış sayı: 2079 | Tarix: 11.04.2022
Bizi Telegramda izləyin: @repostaz