"Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Lakin bunu da yaxından izləmək lazımdır. Çünki keçən il yay mövsümündə azalan yoluxma sayı payız aylarında artmışdı. Ona görə də diqqətli olmaq lazımdır".
 
Bu fikirləri "Report"un sualına cavabında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi rəhbəri Hande Harmancı deyib.
 
Onun sözlərinə görə, ÜST hər zaman virusun növlərini, yeni ştamları nəzarətdə saxlayır: "Nəzərə alaq ki, bu gün də Omikron ştamının yeni variantları meydana çıxır. Bütün bunlar da müşahidələrimiz altındadır. Bilməliyik ki, pandemiya hələ də davam edir. Payız mövsümündə bizi nələrin gözlədiyindən xəbərsizik. Bu səbəbdən iki il ərzində əldə etdiyimiz, qazandığımız qoruyucu tədbirlərə yenə də əməl etmək lazımdır".
 
Hande Harmancı 50 yaş üzəri, riskli qrupa daxil olan və peyvənd vurdurmayan şəxslərin mütləq şəkildə koronavirus əleyhinə vaksinasiya prosesinə qoşulmasını tövsiyə edib: "Bu gün əhalinin hələ ki buster doza vurdurmasını tövsiyə edirik. Növbəti dozanın qəbulu ilə bağlı qərarı zaman göstərəcək. Bilirik ki, bu gün qrip əleyhinə peyvənd hər il vurulur. COVID-19-a qarşı vaksinin davamlı müddətlik ehtiyacını tam bilmirik. Ehtimal var ki, gələcəkdə koronavirus və qrip peyvəndi ilə birgə hər il vurulması mümkün ola bilər. Ancaq bu, hələlik müzakirə mövzusudur. Yəni konkret təklif yoxdur".

Baxış sayı: 1205 | Tarix: 20.06.2022
Bizi Telegramda izləyin: @repostaz