Sosial şəbəkədə Astara rayonunun Səlivə kəndində Vətən müharibəsi qazisi Məlik Məlikovun yaşadığı evin görüntüləri paylaşılıb. 
 
Jurnalist Kamil Həmidovun çəkdiyi və paylaşdığı fotolarda qazinin palçıqdan hörülmüş balaca daxma ailəsi və atası ilə birgə yaşadığı bildirilir. Ev kimi təqdim edilən tikilidə yaşayan müharibə iştirakçısı ölkə başçısı tərəfindən üç medalla təltif edilib. Müharibə iştirakçısının belə bir şəraitdə yaşaması müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri dövlət qurumlarını və məmurları müharibə iştirakçılarının, qazilərin güzəranının yaxşılaşdırılması üçün addım atmamaqda qınayıblar.
 
Məsələ ilə bağlı Cebhe.info-ya danışan Səlivə kənd üzrə icra nümayəndəsi Əbülfəz Qüdrətov bildirib ki, qazi atası ilə birgə yaşayır:
 
“Ev onun atasının evidir. İndi ev tikmək istəyirsə, mən nə deyə bilərəm? Bizə müraciət olunmayıb. Olunsa belə, biz ona nə kömək edə bilərik ki? Atası ilə yaşayır, heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olurlar, iş olanda işləyir. Bu yaxında eşitmişəm ki, Bakıda haradasa işləyir”. 
 
Kənd bələdiyyə sədri Mayıl Muradov isə saytımıza açıqlamasında qazinin atasının öz şəxsi hesabına ev tikdirdiyini deyib: 
 
“Onların ata evi əvvəldən elə olub. Atası təzə ev tikdirir, amma hələ bitməyib. Bağlarını, həyətyanı sahələrini əkib, biçib, oradan məhsul götürürlər. Heç bir sosial müavinət almır, ən dəqiqini özü bilər”.

Baxış sayı: 3504 | Tarix: 28.07.2022
Bizi Telegramda izləyin: @repostaz