“Vətən müharibəsi zamanı oğlum ABŞ-dən gəlib döyüşlərdə iştirak etdi. Həmin günləri çox güclü stress keçirdirdim. Deyirdim, ay Allah, əgər onu öldürəssənsə, məni öldür, o yaşasın. Allah onu yaşatdı, evləndirdim, övladı oldu. İndi də növbə mənimdir. Xəstələnməyimi təbii qəbul edirəm. Qismətimdə nə qədər ömür varsa, onu da yaşayacağam”.
 
AzVision.az xəbər verir ki, bunu Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov xərçəng xəstəliyi ilə mübarizəsindən danışarkən deyib.
 
“Böyük oğlum Uzeyir Greencard udub ABŞ-yə getmişdi. Peşəsi stamatoloqdur. Neçə müddət idi ki, qərib ölkədə yaşayırdı.Vətən müharibəsi başlayanda heç bizə xəbər etmədən 6 nəfər həkim dostu ilə gəlib Füzulidəki hospitalda xidmət edirdi. Sonra onu döyüşlərə apardılar. Müharibədən qayıdıb gələndən sonra evləndirdim, Amerikaya qayıtmağa qoymadım. Ancaq təəssüf ki, ağır günlər səhhətimə təsirsiz ötüşmədi”.
 
Aktyor bildirib ki, xəstəliyindən təsadüfən xəbər tutub: “Kiçik oğlumu Şuşa poliklinikasında müayinəyə aparmışdım. Getmişkən orada özümü də müayinə etdirdim. Həkim baxıb dedi ki, qalxanbənzər vəzlərdə problem var, onu yoxlatmaq lazımdır. Üç-beş həkimə gedib yoxlatdırdım, analiz verdim. Cavabları Türkiyəyə kimi göndərdim. Dedilər, boğazında limfa düyünləri metastaz verir, təcili əməliyyat olunmalıdır. Həkim Əziz Əliyev dekabrın 23-ü məni əməliyyat etdi. O, səs telimə gedən siniri kəsmək məcburiyyətində qaldı. Çünki onu götürməsəydi, xəstəlik yenidən inkişaf edə bilərdi. Bununla da vokal səsim işinin dalınca getdi. “Sənsiz” romansını oxuyan adamın indi səsi güclə çıxır.
 
Xankəndidə futbol oyunu zamanı çox kövrəldim. Oradakı günlərim yadıma düşdü. Azərbaycanın himni səslənirdi. Mənim də səsim çıxmır, not tuta bilmirəm. Bir də gördüm necə həvəsə gəlmişəmsə özümdən asılı olmayaraq:
 
Sən olasan Gülüstan
Sənə hər an can qurban - deyib öz-özümə zümzümə edirəm.
 
Y. Məmmədli əməliyyatının pulsuz başa gəldiyini deyib: “Çox bahalı müalicə və əməliyyatdır. Ancaq sənətimə hörmət etdilər, məndən bir qəpik də almadan əməliyyat etdilər”.
 
Aktyor xəstələnsə də teatrı yaddan çıxarmadığını deyib:
 
“ Əl çəkmişəm canımdan
O qədər başımı itirmişəm ki, adım çıxıb yadımdan . (gülür)
 
Zarafat edirəm, teatra 4-5 dəfə baş çəkmişəm, əlaqə saxlamışam.Yaşımın 65-i keçməsinə baxmayaraq, müqaviləmi uzatdılar”.

Baxış sayı: 17621 | Tarix: 10.01.2024
Bizi Telegramda izləyin: @repostaz