Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen İnlə ikitərəfli görüşü başlayıb.
 
APA-nın Rusiya bürosu xəbər verir ki, görüşün protokol hissəsində liderlər çıxış ediblər.
 
Putin Kim Çen İni Rusiyaya səfərində qəbul etməkdən çox məmnun olduğunu bildirib.
 
Qeyd edib ki, onun Kim Çen Inla görüşü önəmli vaxtda baş tutur. Putin Koreya Xalq Demokratik Respublikasının yaradılmasının 75-ci ildönümünə işarə edib, bildirib ki, KXDR-i ilk tanıyan SSRİ olub.
 
Putin KXDR-in Koreya müharibəsində qələbəsinin ildönümünü əlamətdar tarix adlandırıb və SSRİ-nin yardım göstərdiyini vurğulayıb.
 
Kim Çen In isə Şimali Koreya nümayəndə heyətinin Rusiya ərazisinə gəldiyi ilk andan Rusiya Federasiyasının qonaqpərvərliyini hiss etdiyini bildirib.
 
O, Rusiyaya önəmli vaxtda səfər etdiyini söyləyib.
 
Kim Çen In əlavə edib ki, hazırda KXDR-in əsas prioriteti Rusiya Federasiyası ilə münasibətlərdir.
 
O, Putinlə danışıqlarının ölkələr arasında münasibətlərin yeni səviyyəyə qalxmasına kömək edəcəyinə əmin olduğunu bildirib.
 
Şimali Koreya lideri ölkəsinin Putinin bütün qərarlarını dəstəklədiyini də söyləyib.
 
Kim Çen In həmçinin əlavə edib ki, Rusiya öz təhlükəsizliyini qorumaq üçün müqəddəs mübarizəyə qalxıb: "Ümid edirəm ki, Rusiya Federasiyası və KXDR imperializmə qarşı mübarizədə həmişə bir yerdə olacaq".

Baxış sayı: 9090 | Tarix: 13.09.2023
Bizi Telegramda izləyin: @repostaz