Ermənistan Azərbaycanla sülh sazişini bir ay müddətində imzalamağa hazır olduğunu rəsmi şəkildə elan etdi. Tərəflər arasındakı ziddiyyətləri nəzərə aldıqda bunun bir ay müddətində baş tutması çətin görünür, əslində rəsmi İrəvanın açıqlaması da sülh sazişinin bu müddətdə imzalanmasından daha çox, Bakının tələblərini gündəlikdən çıxarmaq məqsədi daşıyır.
 
Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən, Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasını dəyişdirilməsi tələbini yenidən dilə gətirdi və konstitusiya dəyişmədiyi müddətdə sülh sazişinin mümkünsüz olduğunu bəyan etdi. Bu, rəsmi Bakı tərəfindən dəfələrlə irəli sürülən tələbdir.
 
Ermənistan hakimiyyəti əvvəlcə konstitusiyanın dəyişdirilməsi məsələsini aktuallaşdırsa da, sonradan bunu arxa plana keçirdiyi müşahidə edilir. Mövqe dəyişikliyi daha çox daxili etirazdan qaynaqlanır, xüsusilə Qazax-Tavuş istiqamətində demarkasiya işlərinin aparılması fonunda baş verənlər və hakimiyyətə qarşı ictimai dəstək qazanmasa belə, kilsə-diaspor ittifaqının hücuma keçməsi Paşinyanı narahat edir. Buna görə konstitusiya dəyişikliyinin daxili məsələ olduğunu, danışıqların gündəliyinə daxil edilmədiyini dilə gətirir, Əliyevin tələbini də Ermənistanın “daxili işinə müdaxilə” adlandırırlar, halbuki, Azərbaycana qarşı ərazi iddialarının hüquqi aktlarında yer alması bu ölkənin daxili işi ola bilməz. Rəsmi İrəvan da anlayır ki, Bakının tələbi haqlıdır, bunu arxa plana keçirmək məqsədilə iki gediş edir.
 
-  konstitusiya dəyişikliyinə getmədən sülh sazişinin bir ay müddətində imzalamaq istədikləri bəyan edirlər;
 
- sülh danışıqlarının detallarını ictmaiyyətləşdirirlər: Ermənistan XİN-in açıqlamasında qeyd olunur ki, “sülh sazişi layihəsində razılaşdırılmış müddəa var ki, tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz”.
 
Bu müddəa Ermənistan konstitusiyanı dəyişmədən sülh sazişi imzalamağa imkan verir, lakin iki məsələdə problemlidir.
 
Birincisi, konstitusiya dəyişmədən imzalanacaq sülh sazişi davamlı olmayacaq: siyasi situasiya dəyişərsə, İrəvan kontitusiyaya istinadən bu müddəadan imtina edə bilər; 
 
İkincisi, Ermənistan konstitusiyasında təkcə Azərbaycana qarşı yox, Türkiyəyə qarşı da ərazi iddiaları var və Bakının tələbi həm də Ankaranın mövqeyinin qəbul etdirilməsindən qaynaqlanır.

Asif Nərimanlı

Baxış sayı: 5765 | Tarix: 07.06.2024
Bizi Telegramda izləyin: @repostaz