Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Gürcüstana quru yolla getmək üçün müraciət edib.
 
RePost.Az müraciətin mətnini təqdim edir:
 
“Hörmətli Ali Baş Komandan! Cənab Prezident nəzərinizə çatdırım ki, Gürcüstan Respublikasının Saqareco rayonu Yor-Muğanlı kəndində (Qaraçöp mahalı) yaşayan 1923-cü il təvəllüdlü atam Xeyirxəbərov Əli Əhməd oğlunun səhhətində ciddi problemlər var. Ötən həftə təcili yardımla Tbilisi şəhərində xəstəxanaya yerləşdirilib, bir həftə süni nəfəs aparatına qoşulu vəziyyətdə saxlayıblar. İki gün öncə Tbilisidə xəstəxananın yaxınlığında yerləşən Ticarət Mərkəzində baş verən yanğınla bağlı xəstələr digər tibb müəssisələrinə təxliyyə edilsə də, atamın vəziyyətinin ağırlığı ilə bağlı digər xəstəxanalarda xəstənin son günləri olduğunu bildirərək mental dəyərlərimizi bəhanə edib evə yola salıblar və durumu daha da ağırlaşıb və sağlığında övladlarını və adını daşıyan nəvəsi, oğlum Əli Xeyirxəbərlini görmək istəyir. Hazırda üç bacım və mən oğlumla birlikdə Azərbaycanda yaşayırıq, Azərbaycanda doğulmuşuq, Azərbaycan Respubliksının vətəndaşlarıyıq. İndi təcili Gürcüstana getməliyik. Lakin quru sərhədlərimiz bağlı olduğundan gedə bilmirik”.
 
Jurnalist müraciətində qeyd edib ki, hava yolu ilə isə AZAL-da yalnız sabaha bir bilet var, onun da qiyməti bizim büdcəmiz üçün fantastik rəqəmdir – 45 dəqiqəlik uçuş üçün 1181 AZN-dır:
 
“May ayının 7-dək isə bütün biletlər satılıb. Məlum tarixdən isə biletlərin qiyməti gediş-gəliş bir sərnişin üçün minimum 600 AZN-ə təklif olunur ki, bizim maddi durumumuz buna imkan vermir.
 
Sizdən xahiş edirəm, bacılarım Hüseynova Nərgiz Əli qızı, Xeyirxəbərova Zeynəb Əli qızı, Xeyirxəbərova Yasəmən Əli qızı, oğlum Xeyirxəbərli Əli və mən Xeyirxəbərov Zülfüqar Əli oğluna 77 MA 327 dövlət nömrə nişanlı şəxsi avtomobilimlə Gürcüstan Respublikasına gedib qayıtmağımıza şərait yaradılması üçün müvafiq dövlət qurumlarına göstəriş verəsiniz!”.
 
Ümid edirik ki, bu cür durumlar nəzərə alınacaq və quru sərhədlərdən kontrollu bir şəkildə keçidə, Borçalı əsilli insanlara xeyir-şər üçün gedib-qayıtmalarına icazə veriləcəkdir.

Baxış sayı: 692 | Tarix: 02.05.2025
Bizi Telegramda izləyin: @repostaz