“Bu yazını heç vaxt yazmaq istəməzdim. Amma susmaq – baş verənləri qəbul etmək deməkdir. Və mən sussam, özümü heç vaxt bağışlamayacağam.Hazırda keçirdiyim şokun içindəyəm. Hələ də nə zaman toparlana biləcəyimi bilmirəm”. 
 
RePost.Az-ın məlumatına görə, bunu “Ali və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli sosil şəbəkə hesabında yazıb. N.Köçərli əməliyyat olunduğu Liv Bona Dea xəstəxanasında tibb personalnın səhlənkarlığı və kobud rəftarı ilə üzləşdiyini bildirib.
 
“Yanvarın 14-də səhər saat 7-də planlı açıq ginekoloji əməliyyat üçün Liv Bona Dea xəstəxanasına müraciət etdik. Ödəniş edildikdən sonra, saat 7:30-da xəstəxana personalının tələbi ilə həyat yoldaşım Şahbaz bəydən 1-ci mərtəbədə, liftin qarşısında ayrıldım. Onu bir daha yalnız saat 15:00-da, yarıcan vəziyyətdə görə bildim.
 
Əməliyyatdan ayılanda dəhşətli ağrılar hiss edirdim. Həyatımda ilk əməliyyat deyildi və yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur. Amma bu, bildiyim ağrı deyildi.
 
“Çox pisəm, xahiş edirəm, əlavə anesteziya edin”, – deyə yalvardım.
 
Bir tibb bacısı “kapelnitsa” qoymaq üçün yaxınlaşdı və əlindəki qabı birbaşa yaramın üzərinə atdı. Ağrıdan qışqıraraq “Axı siz nə edirsiniz?” dedim.
 
Yenə yalvardım:
“Ağrı 10 ballıq şkalada 10-dur, artıq dözə bilmirəm.”
 
Ətrafımda insanlar olsa da, yalvarışlarıma heç bir reaksiya verilmirdi.
“İki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, belə ağrı heç vaxt yaşamamışam, xahiş edirəm, kömək edin”, – dedim.
Heç kim kömək etmədi.
 
Ağrıdan huşumu itirdim, ayılanda yenə yalvardım. Nəhayət, kimsə dedi ki, əlavə anesteziya üçün ödəniş lazımdır.
“Əlbəttə, xahiş edirəm edin”, – dedim.
 
Yenə uzun müddət heç nə baş vermədi. Ayılanda ağrı daha da kəskinləşmişdi, amma ətrafda heç kim yox idi. Hardansa gülüş səsləri gəlirdi. Bir dəfə su istədim. Bilirəm, əməliyyatdan sonra su olmaz, amma heç olmasa dodaqlarımı islada bilərdilər.
Nəhayət, anesteziya üçün kimsə yaxınlaşıb çevrilməyimi istədi. Amma başa düşmürdülər ki, mən tərpənəcək vəziyyətdə deyiləm – bədənimdə ağrıdan başqa heç bir hiss qalmamışdı.
Anesteziya vuruldu və yuxuya getdim.
 
Oyananda isə son dərəcə kobud rəftarla üzləşdim. Tibb qardaşı tonometrin manjetini və digər prosedurları əsəbi və, üzr istəyirəm, heyvərəcəsinə edirdi. Amma artıq etiraz edəcək vəziyyətdə deyildim.
 
Saat 15:00-da məni palataya gətirdilər. Həyat yoldaşımı gördüm. Məlum oldu ki, bu müddət ərzində ona heç bir məlumat verilməyib. Onu sadəcə “burada gözləyin” deyərək 1-ci mərtəbədə saxlayıblar. Halbuki sonradan öyrəndik ki, xəstəxanada video görüntülü gözləmə otağına, palataya və hətta reanimasiya otağına da dəvət etmək mümkün imiş.
 
Normalda 1–2 saat çəkən əməliyyatın 6 saat davam etməsinin səbəbi barədə nə əməliyyat zamanı, nə də sonra həyat yoldaşıma məlumat verilib. Əvəzində o, mərtəbə-mərtəbə, qapı-qapı gəzərək elementar məlumat almağa çalışıb.
Sonradan məlum oldu ki, yer olmadığı üçün (əməliyyat planlı olduğu halda) məni ginekoloji deyil, kardioloji şöbədə əməliyyat ediblər.
 
Şikayətçi olduğumuzu bildirdikdən sonra xəstəxananın bir neçə nümayəndəsi yaxınlaşdı. Əsas danışan Türkiyə vətəndaşı olan bir xanım idi. Bildirdi ki, kamera görüntüləri yoxlanılacaq, personal barədə araşdırma aparılacaq və bizə məlumat veriləcək.
Onu bir daha görmədik.
 
Liv Bona Dea-da 3 gün qaldım. Dəfələrlə “kamera araşdırması nə oldu?” deyə soruşdum. Cavab olmadı. Sadəcə bizi yox saydılar.
 
Yanvarın 16-da xəstəxanadan çıxdım. Qapıdan çıxanda həyat yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin: 3 gün ərzində buna heç kim baxmayıb. Bir saatdan sonra çıxartdırdıq.
 
Evə qayıtdıqdan sonra tanış tibb bacısını çağırdım. Məlum oldu ki, belimdəki yara bandları hələ də qalır. Üstəlik, indi belimdə dərinin bişməsinə bənzər daha ağır bir əziyyət çəkirəm.
 
Sırağagün həyat yoldaşım bu barədə Facebook-da qısa paylaşım etdi. Bundan sonra kardioloji şöbədən bir nəfər əlaqə saxlayaraq dedi:
“Sadəcə smenlə bəxtiniz gətirməyib.”
 
Mən hər şeyə rasional yanaşmağa çalışıram. Deyin, xahiş edirəm:
 
Mən nə etməli idim ki, bu cür qəddar rəftarla üzləşməyim?
 
Öncədən baş həkimə tapşırılmalı idim?
 
Tibb personalının cibinə pul qoymalı idim?
 
Yoxsa canımı qurtarmaq üçün ölkədən çıxmalı idim?
 
Bu sualların cavabını cəmiyyət və aidiyyəti qurumlar verməlidir”, - Nigar xanım ildirib.
 

Baxış sayı: 274 | Tarix: 19.01.2026
Bizi Telegramda izləyin: @repostaz