Xəbər verdiyimiz kimi, ötən gün 14 yaşlı Ağaəli Fərəcov idarə etdiyi "Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Qəza nəticəsində iki uşaq anası X.Məmmədova dünyasını dəyişib.
 
RePost.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, oğlu "Porsche” ilə adam vuran gəncin atası Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, sabiq millət vəkili Nizami Fərəcovun qardaşı, tanınmış iş adamı Füzuli Fərəcovdur.
 
Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Füzuli Fərəcov hazırda Saray, Ceyranbatan, Novxanı qəsəbələrində, "Stansiya Sumqayıt” və bağlar yaşayış massivində tikinti işlərinə nəzarət edir. O cümlədən, Füzuli Fərəcovun Sumqayıt və ətraf ərazilərdə bir çox obyektinin olduğu bildirilir.
 
Bu arada, Realliq.info xəbər verir ki, big.az Füzuli Fərəcov haqqında müəyyən bilgilər əldə edib. Qeyd olunur ki, "Mohito” və "Parodise” klublarının, Novxanıdakı "Kalyon” restoranının sahibi olan Füzuli Fərəcov "Bentli Fizuli” kimi tanınır. Buna səbəb, iş adamının şəhərdə ilk "Bentley” sürən kimi tanınmasıdır.
 
Bundan başqa, o, Bakıxanov qəsəbəsində yerləşən, iş adamına məxsus "Texas” restoranına görə, el arasında "Texas Fizuli” kimi də tanınır.
 
Son zamanlar isə Bakıxanov qəsəbəsində inşa etdiyi 3 mərtəbəli "Mohito” və Binəqədi rayonu Dağıstanlı küçəsində tikdirdiyi 3 mərtəbəli "Paradise” gecə klubu ilə məşhur idi. Dəbdəbəli gecə həyatı ilə gündəmdə olan bu klublarda "Bentli Fizuli” hər axşam başına gənc xanımları yığaraq səhərə kimi çəkən eyş-işrət məclislərinin həvəskarıdır.
 
Bir neçə ay öncə oğluna bahalı maşın alan iş adamı – oğlu Ağaəlinin kirvəsi olaraq Osman İsayevin adını çəkərək də qürrələnirdi.
 
İnteryeri Swarovski daşlarla bəzədilmiş "Paradise” klubunun tikintisi iş adamına bir neçə milyona başa gəlib.
 
RePost.Az

Baxış sayı: 2744 | Tarix: 05.05.2017
Bizi Telegramda izləyin: @repostaz