Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak edib, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olublar.
 
RePost.Az-ın məlumatına görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına “Bakı şəhəri, keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsinin birinci mərhələsi üzrə görülən işlər barədə məlumat verib.
 
Bildirilib ki, Füzuli meydanında yerləşən dairə ləğv edilib. Avtonəqliyyat vasitələrinin hərəkəti layihə üzrə yeni istiqamətlərə yönəldilib. Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti Şıxəli Qurbanov küçəsindən dairəyə çatmamış sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geridönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldilib. Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələri də layihə üzrə nəzərdə tutulmuş yeni sxem əsasında hərəkət edəcək.
 
Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində dairənin ləğvi ilə yeni hərəkət istiqamətləri üzrə - Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı əsaslı şəkildə yenidən tikilib.
 
Dövlət başçısı yeni yolların rəmzi açılışını bildirən lenti kəsib.
 
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
 
RePost.Az
 

Baxış sayı: 2630 | Tarix: 30.05.2017
Bizi Telegramda izləyin: @repostaz