İŞİD-ə qoşulan gənc qadınların və körpə qızların faciəli həyatı barədə yazılar həmişə diqqət çəkib.
RePost.Az lent.az-a istinadən xəbər verir ki, bu yazıda isə bir atanın qızlarını İŞİD-in cəngindən necə qurtardığını qələmə alınıb. Bu hekayətdə eyni zamanda İŞİD-ə qoşulanların hansı yollarla terror ocaqlarına çatdırıldığını da izləyə biləcəksiniz.
 
***
 
İraq və Şam İslam Dövləti (İŞİD) Rusiyanın Dağıstan Muxtar Respublikasında təşkilatlanmağa çalışır və bu istiqamətdə döyüşçülər toplayır.
 
Artur Məhəmmədov Dağıstandakı evinin bağçasında oturub və dünyasının yıxıldığı həmin anı, indicə baş vermiş kimi xatırlayır. Arvadının 10 yaşlı qızı Fatma və 3 yaşlı qızı Mazəratı götürüb gizlicə evdən qaçdığı anı... Suriyaya, İŞİD terror təşkilatına qatılmaq üçün qaçdığı anı...
 
Qaynı və arvadının əmisi ona ailəsinin əvvəlcə Türkiyəyə uçub, oradan da Suriyaya getdiyini xəbər verdi. Ən dözülməzi də bu idi ki, xəbər verənlər bu vəziyyətdən çox məmnun görünürdülər. Çarəsiz ata isə yalnız bunları deyə bilir: "Bu iş ancaq göz yaşları ilə bitər. Bir də, hansı haqla məndən icazəsiz uşaqlarımı aparıb?"
 
Arturun arvadı Dağıstandan İŞİD-ə qoşulan nə ilk, nə də son insan idi. Rəsmi açıqlamalara görə, 1200 dağıstanlı Suriyaya gedərək, orada İŞİD-ə qoşulub. Lakin Artur üçün hekayə burada bitmədi. Ata qızlarını İŞİD-in əlindən qurtarmağa qərarlı idi. Və Suriyaya gizlicə girməyin bir yolunu tapmalı idi.
 
Ata ölümü gözə alır
 
Artur tanışlarından borc pul alıb, əvvəlcə İstanbula uçur. Guya İŞİD-ə qoşulmaq niyyətindədir. Orada onu terror təşkilatının bir nümayəndəsi gözləyirdi. Onun yardımı ilə Qaziantəpə gedir. Burada isə çeçen bir ailə və daha üç adam da var idi. Artur həmin zaman yaşadıqlarını bu sözlərlə anladır:
 
"Türkiyə-Suriya sərhədinə çatmaq üçün beş dəfə maşın dəyişdik. Burada çatdırılma işlərinə baxan böyük bir mafiya var. Sərhədi keçmək çox dramatik bir mərhələdir. Sərhədçi əsgərlər xəbər tutub atəş açana qədər az bir vaxt olur. Kürəyindəki dolu çantalarla 200 metr məsafəni çox sürətli qaçmalısan. Qaçarkən ürəyimin səsini aydınca eşidirdim. İŞİD torpaqlarına girdiyimdə artıq maşınların içində bizi silahlı kişilər gözləyirdilər. Daha sonra bizi Cerablusda bir qəbul mərkəzinə apardılar."
 
***
 
Artur, Cerablusda yaxın bir qohumunun da İŞİD-ə qatılmaq üçün qaçdığını öyrənir. Qohumunun həyat yoldaşı ona cib telefonundan mesaj göndərib, arvadının, uşaqlarının həyatda olduğunu və Rakka şəhəri yaxınlarındakı Tabkaya qaçdıqlarını bildirir.
 
Mesajda bunlar qeyd olunurdu: "Mən ədalətli kişiyəm və hesab edirəm ki, sənə haqsızlıq edildi. Buna görə də səninlə əlaqə yaratmaq istədim".
 
Bu mesajdan sonra Artur Tabkaya yollanır.
 
"Başımızın üstündən mərmilər uçurdu"
 
"Uşaqlarım məni gördüklərinə çox sevindilər. Fatmanı artıq qaralara bürüyüb, üstündən də çadra geyindirmişdilər. Mazərat isə hələ çox balaca idi. Arvadım əvvəlcə ortalıqda görünmürdü. Gəldiyimi öyrənəndən sonra isə qaçıb uzaqlaşdı. Çünki artıq başının bəlada olduğunun fərqindəydi".
 
***
 
Oradakı bir şəriət məhkəməsi uşaqların qəyyumluğunu Artura verir. Lakin uşaqların oradan çıxarılmasına icazəsi yox idi. Ona görə də o, Türkiyə sərhədindən qaçmağa məcbur olur. Bu qaçışda başlarına gələnləri Artur belə anladır:
 
"Sərhədə 70 metr var idi. Dəmiryolu relslərinin yanı ilə bu qədər yolu sürünərək davam etdik. Balaca qızımı qucağıma aldım, Fatmaya isə dedim ki, sən qaç. Biz qaçarkən şalvarım tikanlı məftilə ilişdi, qızımın da paltarı cırıldı. Mazərat ağlamağa başladı. Sərhədi təzəcə keçmişdik ki, ayağım ilişdi və tanklar üçün qurulmuş tələyə düşdüm. Özü də üç dəfə. İnanın ki, qaçmaq üçün gücü haradan tapdığımı özüm də bilmirdim.
 
Sərhədə 50 metr qalanda türk sərhədçilər atəş açdılar. Bir oyuqda gizlənib, 20 dəqiqə gözlədik. Başımızın üstündən mərmilər uçurdu. Qarğıdalı tarlasına çatdıq və artıq anladım ki, İŞİD-in əlindən qurtulmağı bacardım. Özümü lap cənnətdə hesab edirdim".
 
***
 
Artur və qızları İstanbula çatan kimi Rusiya konsulluğuna gedirlər və onların köməkliyi ilə Dağıstana çata bilirlər. Bəs Arturun arvadı necə oldu?
 
"Bilmirəm haradadır. Heç danışmıram onunla. O, öz seçimini edib. Və bununla yaşamaq məcburiyyətindədir".
 
Arturun anası isə deyir ki, onların kəndlərindən bir çox insanın gəlini İŞİD-ə qoşulmaq üçün evdən qaçıb və sonra da peşman olublar: "Hərdən o qaçan qadınların ana, ataları ilə rastlaşıram. Deyirlər ki, orada həyat çox çətindir".
 
Dağıstan Rusiyanın ən kasıb bölgələrindən biridir. İşsizlik baş alıb gedir. Maaşlar isə olduqca azdır. Bu isə artıq Dağıstanı radikal terrorçuların hədəfinə gətirir.
 
İŞİD-ə qoşulmaq üçün qaçan Dağıstanlı Marat deyir ki, onun beynini internetdə əlaqə qurduğu adamlar doldurublar: "Suriyadakı cihadçılara qatılmaq üçün hamilə arvadımı belə tərk etdim, çox peşmanam".
 
***
 
Bu ilin yayında İŞİD Tabkadakı hakimiyyətini itirdi. İŞİD-çi mömin artıq internetdə suriyalıların necə vəhşicəsinə öldürülməsi barədə çox dəhşətli videolar paylaşırdı: "Siz müsəlmanlar niyə evdə oturmusunuz? Gəlin bura və kömək edin. Yalnız indi səhvlərimi anlayıram. Orada baş verənlər cihad-filan deyil. Yalnız bir qrup müsəlman digər müsəlmanları qırır, vəssalam".
 
***
 
...Artur Məhəmmədov evinin arxa bağçasındadır. Balaca Mazərat yelləncəkdə oturub bizi izləyirdi. Arturdan "uşaqlarının yaşadıqları sənə necə təsir etdi?" deyə soruşuram. Cavabı belə oldu:
 
"Mazərat bu bahar mənə belə bir sual verdi - "niyə hamının anası var, amma mənim yox?" Cavab verə bilmədim. Qızlara anaları ilə bütün əlaqələri kəsmələrini desəm də, bilirəm ki, sosial media vasitəsi ilə danışırlar. Bunun qarşısını tam ala bilmərəm. Necə olsa da o qadın qızlarımın anasıdır və onun üçün darıxırlar".
 
RePost.Az

Baxış sayı: 4910 | Tarix: 06.09.2017
Bizi Telegramda izləyin: @repostaz