“Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”.
 
RePost.Az-ın xəbərinə görə, bunu prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Prezident İlham Əliyev bildirib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
 
Dövlət başçısı diqqətə çatdırıb ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.
 
Prezident həmçinin deyib ki, ilin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlər həllini tapacaq. Gələn il dövlət investisiya proqramı ilə bağlı təkliflər gəlib, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramı qəbul edilə bilər.
 
Ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə, iş adamlarına verilən güzəştli kreditlərə toxunan dövlət başçısı bildirib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin sonunadək kreditləşməni təmin etməlidir.
 
Bu ilin doqquz ayında ölkədə yol infrastrukturu ilə bağlı çox mühüm layihələrin icra edildiyini vurğulayan prezident İlham Əliyev deyib ki, bu layihələr bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcək: “Gələn il daha çox kənd yolu inşa ediləcək. Bundan əlavə, bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək”.
 
Prezident İlham Əliyev fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını bildirib.
 
Bölgələrdə müasir sənaye zonalarının yaradıldığını da deyən dövlət başçısı ölkəmizin ixrac potensialını təbliğ etmək üçün sərgilərdə, beynəlxalq tədbirlərdə fəal iştirak etməyin əhəmiyyətinə toxunub.
 
 “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini deyən prezident İlham Əliyev “ABAD mərkəz”lərin yaradılmasının əhəmiyyətinə də toxundu, turizm sahəsində sürətli inkişafın olduğunu bildirib.
 
Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlətimizin başçısı bu ilin sonunadək və gələcək illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
 
RePost.Az

Baxış sayı: 3162 | Tarix: 09.10.2017
Bizi Telegramda izləyin: @repostaz