İnqilabçı və dünyanın ən tanınmış siyasi xadimlərindən biri, Kubanın keçmiş lideri Fidel Kastro vəfat edib. Daha öncədə barəsində ölüm xəbəri yayaılan inqilabçının vəfatını ölkənin dövlət televiziyası da təsdiqləyib. Bəs F.KAstro kimdir? 

Fidel Alexandro Kastro Ruz 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub.

Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib.

Siyasi fəaliyyəti

Kastro təhsilini Çilinin paytaxtı Santyaqoda katolik internatında alıb, həm də Havanadakı yezuit kollecində oxuyub. Sonradan Kastro Havana universitetinə daxil olub və oranı hüquq təhsili üzrə bitirib. 50-ci illərin əvvəllərində o, Kuba xalqları partiyasına ("Ortodokslar") üzv olub və siyasi fəaliyyətə başlayıb. Kubada 1952-ci ilin martında general Batistanın başçılığı ilə hərbi çevriliş olub və diktatura rejimi qurulub. Bundan sonra Kastronun da üzv olduğu "Ortodokslar" partiyası Batistanın diktatura rejiminə qarşı mübarizəyə başlasa da, tezliklə dağıdılıb. Buna baxmayaraq Kastro bu partiyanın üzvlərindən kiçik bir qrupunu öz ətrafına cəmləyərək Batistanın rejimini devirmək üçün hazırlıqlara başlayıb.

1953-cü ilin iyulunda Kastronun başçılıq etdiyi qrup bu istiqamətdə ilk cəhdini göstərib və hərbi kazarmalardan birinə hücum edib. Ancaq bu hücumun qarşısı qəddarcasına alınıb. Kastronun qrupunun üzvlərindən çoxu öldürülüb, onun özü isə həbs olunaraq hərbi tribunala verilib. Ancaq Kastro onun üzərində qurulan məhkəməni də Batista rejiminə qarşı hücum üçün istifadə edib. O, məhkəmədə "Tarix mənə haqq qazandıracaq" adlı məşhur çıxışını edib və Batistanın diktatura rejimini sərt şəkildə tənqid edərək ölkədə milli-azadlıq hərəkatının proqramını açıqlayıb. Məhkəmə Kastronu 15 il azadlıqdan məhrum etsə də o, üç il sonra ictimaiyyətin təzyiqi ilə əfv olunub. Həmin il o, Meksikaya mühacirət edib.

1956-cı ilin dekabrında Kastronun başçılıq etdiyi bir qrup inqilabçı gizli yolla kiçik yaxtada Kubanın Oryente əyalətinə keçiblər. O, tədricən qiyamçı ordu formalaşdıraraq diktatura rejiminə qarşı partizan müharibəsinə başlayıb. Nəhayət, Kastro 1959-cu ilin 1 yanvarında öz məqsədinə çatıb.

Onun başçılıq etdiyi inqilab ordusunun ətrafında cəmləşən demokratik qüvvələr Batistanı devirərək hakimiyyəti ələ alıblar. Həmin ilin fevralında Kastro Kuba inqilabı hökumətinin baş naziri olub.


Baxış sayı: 4511 | Tarix: 26.11.2016
Bizi Telegramda izləyin: @repostaz