Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman tibbi və reabilitasiya” magistratura pilləsində təhsil alan I kurs həkim-magistrantlarının ixtisas üzrə bilik səviyyələrini artırmaq, beynəlxalq səviyyədə tədqiqatları aparmaq, elmi bacarıqlarını inkişaf etdirmək məqsədilə Böyük Britaniyada tədris təcrübələrinə start verildi. 
 
2 həftə davam edən təcrübə proqramı zamanı magistrantların London və Şeffild şəhərlərinə səfərləri nəzərdə tutulub.  
 
Belə ki, Londonda həkimlər Britaniyanın öndə olan ali təhsil ocağı UCL universitetinin İdman Tibbi İnstitutuna gedərək, elit idman növlərində tibbi və reabilitasiya sahəsində yeniliklər ilə tanış ola və dünyaca məşhur Uimbldonda tennisçilərin zədə xüsusiyyətlərini öyrənəcəklər. Səfər zamanı idman tədbirlərində tibbi təminatın təşkil olunmasının canlı olaraq izləmək məqsədilə, tələbələr İngiltərənin Olimpiya boks yığmasının idman həkimlərinin işini yaxından izləyə və reabilitasiya ilə məşğul olan aparıcı klinikaların işi ilə tanış olmaq imkanı əldə edəcəklər. 
 
Şeffilddə isə magistrantlar onkoloji xəstələr üçün nəzərdə tutulmuş reabilitasiya mərkəzinə səfər edəcək və İngiltərənin İdman reabilitasiya İnstitutunda idmançıların travmadan sonra bərpa üsulları ilə tanış olacaqlar. Londonda olduğu kimi, Şeffild şəhərində də həkimlər reabilitasiya ilə məşğul olan klinikaların təcrübəsini mənimsəyəcəklər. Bu sahədə xarici ölkələrin təcrübəsinin öyrənilməsi həkim-magistrantlar üçün əvəzolunmazdır.  
 
“İdman tibbi və reabilitasiya” proqramına qəbul olmaq istəyən həkim-rezidentlər üçün məlumat:
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən “İdman tibbi və reabilitasiya” magistr proqramı idman tibbi və reabilitasiya sahəsində çalışan və ya çalışmaq arzusunda olan həkimlər üçün nəzərdə tutulub. Tədris  2 il təşkil edir və bu müddət ərzində tələbələr idman tədbirləri zamanı tibbi təminat və reabilitasiya biliklərinə yeyələnəcəklər. Buraya Böyük Britaniyada 1 modulun tədrisi də daxildir. 
 
RePost.Az
 

Baxış sayı: 559