Sinqapurda Amerika prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub. Danışıqlar Sentosa adasındakı “Kapella” hotelində keçirilib.
 
RePost.Az-ın məlumatına görə, Tramp və Kim Çen In bir-birilərinin əlini sıxıb. Amerika prezidenti qarşıdakı görüşün uğurlu olacağına əmin olduğunu bildirib. Kim Çen In isə qeyd edib ki, tarixi görüşün gerçəkləşməsi üçün hər iki ölkə bir çox çətinliklərin öhdəsindən gəlib.
 
İki lider arasında təkbətək görüş 48 dəqiqəyə yaxın davam edib. Görüşün ardından  danışıqlar geniş tərkibdə davam etdirilib. Danışıqlara Amerikanın dövlət katibi Mayk Pompeo, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və Ağ Evin aparat rəhbəri Con Kelli qatılıb. Şimali Koreyanı geniş tərkibli görüşdə XİN rəhbəri Li Yon Ho, nazirliyin Şimali Amerika departamentinin başçısı Tsoy Son Hi və digər rəsmi şəxslər təmsil edib. Söhbət zamanı tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər.
 
KXDR lideri bəyan edib ki, Donald Trampla qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır. “Çətin olsa da, biz Amerika ilə əməkdaşlıqda maraqlıyıq”, deyə Kim Çen In vurğulayıb. Nüvədən imtina ilə bağlı suala isə Şimali Koreya lideri cavab verməkdən imtina edib. "Kimdən üç dəfə nüvə raketlərindən imtina edib-etməyəcəyini soruşdular, lakin cavab vermədi", — deyə jurnalistlərin açıqlamasında bildirilir.  Tramp öz növbəsində jurnalistlərə söyləyib ki, onun Şimali Koreya lideri ilə "əla münasibətləri var". Birlikdə çalışaraq Koreya yarımadasında nüvə problemini həll edəcəyik. Biz böyük dilemmanın öhdəsindən gələcəyik”, deyə Tramp əlavə edib.
 
Görüşdən əvvəl isə Amerika prezidenti Yaponiyanın baş naziri Şinzo Abe və Cənubi Koreya prezidenti Mun Çje Inla telefon danışığı aparıb. Bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir. Məlumata əsasən, söhbət zamanı KXDR ətrafında vəziyyəti müzakirə edilib. “Tərəflər Sinqapurda keçiriləcək görüşdən sonra sıx əlaqədə işləmək barədə razılığa gəliblər”, deyə məlumatda bildirilir.
 
Günün sonunda Koreya Xalq Demokratik Cumhuriyyətinin lideri Kim Çen In və Amerika prezidenti Donald Tramp arasında Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalanıb. 
 
Sənədə əsasən Koreya Xalq Demokratik Cumhuriyyəti və Amerika Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair razılığa gəlib. Şimali Koreya Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlik götürüb. Tramp isə bunun qarşılığında Koreya Xalq Demokratik Cumhuriyyətinin təhlükəsizliyinin təminatına dair söz verib. Kim Çen In və Donald Tramp 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölmüş amerikalı hərbiçilərin qalıqlarının axtarılması barədə razılığa gəliblər.
 
Tramp imzalanmadan sonra bildirib ki, bu, hərtərəfli əməkdaşlığa dair sənəddir: "Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətlə addımlayırıq. Dünya və Şimali Koreya arasında münasibətlər bu sənədin imzalanmasından sonra tam dəyişəcək. Biz dünya üçün çox böyük və çox təhlükəli problemin həllinə çalışacağıq. Biz böyük dilemmanın öhdəsindən gələcəyik"-deyə Amerika prezidenti qeyd edib. Şimali Koreya liderini Ağ Evə dəvət edən Tramp Sinqapurda baş verənlərdən qürur duyduqlarını dilə gətirib. O, Kim Çen Inla bundan sonra da görüşlər keçirəcəyini bildirib.
 
Görüşü şərh edən Cənubi Koreya prezidentinin birləşmə, beynəlxalq əlaqələr və milli təhlükəsizlik üzrə xüsusi müşaviri Mun Çjon İn bildirib ki, KXDR-in raket-nüvə potensialının tam aradan qaldırılması ən azı 10 il çəkəcək. Koreya, Amerika və Yaponiyanı təhdid edən Şimali Koreyanın nüvə silahları, radioaktiv materialları və qitələrarası ballistik raketləri məsələsi iki il yarıma həll oluna bilər. Amma müvafiq obyektlərin də aradan qaldırılması ilə bütün proses 10 ilə başa çatdırıla bilər", - deyə Mun Çjon İn söyləyib. Prezident müşaviri qeyd edib ki, bunun əvəzində Şimali Koreya üç növ - siyasi, hərbi və iqtisadi zəmanət tələb edir: "İndi əsas məsələ Amerikanın bu mövzuda nə təklif edəcəyi ilə bağlıdır".
 
Qeyd edək ki, Koreya Xalq Demokratik Cumhuriyyətinin lideri Kim Çen İn bu gün Amerika və Şimali Koreya liderlərinin sammitinin keçirildiyi Sinqapurun Sentos adasını tərk edib. Kim Çen İnin avtomobil karvanı adadan körpü vasitəsilə ayrılıb.
 
RePost.Az
 

Baxış sayı: 2744 | Tarix: 12.06.2018
Bizi Telegramda izləyin: @repostaz