Azərbaycanda mobil telefonların və məişət texnikalarının satışı ilə məşğul olan "Kontakt Home” mağazasında təklif edilən kreditin faizi 128%-ə çatır.
 
RePost.Az "Marja"ya istinadən xəbər verir ki, "Kontakt Home” "iPhone Xs 256GB Space Grey” telefonunu nağd 2650 manat satır. Telefonu 3 ay müddətinə kreditlə alan zaman illik faiz dərəcəsi 128%-ə çıxır.
 
Şərtə görə, qiyməti 2650 manat olan "iPhone Xs 256GB Space Grey” telefonu kreditlə alınan zaman 595 manat ilkin ödəniş tələb olunur. Qalan 2055 manat kredit şəkilində rəsmiləşdirilir. Alıcı tərəfindən hər ay 836 manat ödənilməlidir. Bu hesabla üç ayın sonunda alıcı cəmi 2508 manat da ödəniş edir. Bu məbləğin 2055 manatı kredit məbləği, 453 manatı isə toplam faiz ödənişidir. Bu halda illik faiz dərəcəsi 127,95%, effektiv faiz dərəcəsi isə 22,04% təşkil edir. 2650 manatlıq telefon üç ayın sonunda alıcıya 3103 manata başa gəlir.
 
"iPhone Xs 256GB Space Grey” telefonunu 1 illik müddətə kreditlə alındıqda illik faiz dərəcəsi 92,86%, effektiv faiz dərəcəsi 57,08%, 18 aylıq müddətə alındıqda isə illik faiz dərəcəsi 85,39%, effektiv faiz dərəcəsi 80,44% təşkil edəcəkdir (Ətraflı aşağıdakı cədvəldə).
 
"iPhone Xs 256GB Space Grey” telefonu 12 aylıq kreditlə alınan zaman 1410 manat, 18 aylıq kreditlə alınan zaman isə 1653 manat artıq ödəyirsiniz. Telefon sizə 4 min 300 manatdan baha başa gəlir. 
 
"HEÇ AFRİKADA 128%-LƏ KREDİT YOXDUR"
 
Məlumatlı alıcılar yüksək faizlərə etiraz edir və mövzunu sosial şəbəkələrdə müzakirəyə çıxardırlar.
 
Sosial şəbəkə istifadəçilərindən biri yazıb:
 
"Sizinlə növbəti bir təhlili bölüşmək istərdim. Kontakt Home-un faizli hissəli və 0%-li hissəli təkliflərinə diqqət edəndə, rəqəmlər gözümə bir mənalı dəymədi və biraz dərinə getməyə qərar verdim. Üzə çıxan rəqəmlər məni dəhşətə gətirdi. Sizinlə də paylaşıram. illik 128%-ə çatan faizlə kredit Afrikanın su tapılmayan ölkələrində belə yoxdur. İnsanların maliyyə savadsızlığından bu dərəcədə istifadə etmək olmaz.
 
Məni Kontakt Home-un neçə müştərisini neçə faizlə kreditləşdirməsi narahat etmir, özü bilər, müştəri bilər. Amma, yalandan 5-8% xidmət haqqı adı ilə soyğunçuluqla məşğul olmaq ən azı etik deyil, ən çoxunu özünüz bilirsiniz.
 
P.S. Cədvəldəki effektiv faiz anlayışı beynəlxalq maliyyə nəzəriyyələrində yoxdur. Sadəcə bizim banklar tərəfindən krediti müştəriyə daha uyğun göstərmək üçün istifadə olunur və annuitet üzrə kredit müddətində ödənilmiş toplam faiz məbləğlərini kredit məbləğinə bölməklə hesablanır. Müqayisə üçün qeyd etməyi vacib bildim”.
 
RePost.Az

Baxış sayı: 2516 | Tarix: 09.12.2018
Bizi Telegramda izləyin: @repostaz