Ölkədəki vəziyyət təhlil olunub və karantin avqustun 1-dək uzadılıb. 1-ci klastr üzrə ciddi karantin şərtlərinə ehtiyac yaranıb.
RePost.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, 21 iyundan 5 iyul 06:00-a qədər ciddi karantin rejimi elan olunacaq. 1-ci klastr üzrə Bakı, Gəncə, Yevlax, Masallı, Sumqayıt, Abşeron şəhər və rayonları üzrə SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq qaydası tətbiq ediləcək, eləcə də ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq:
“Məhdudiyyətlərə dövlət və özəl təşkilatlarla işləyənlərlə bağlı məhdudiyyətlər, yəni müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin dayandırılması, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlərin dayandırılması, muzey və sərgi salonlarının fəaliyyətinin dayandırılması, malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları daxildir. Məlum olduğu kimi, 1 iyundan onsuz da qüvvədə olan bəzi məhdudiyyətlər var idi ki, həmin məhdudiyyətlər də bu zaman çərçivəsində saxlanılır. Yəni rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq, bərpa üzrə xidmətlər (burada tibbi xidmətlər istisna təşkil edir), mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti, hotellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri, tədbirlərin təşkili, təhsil müəssisələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdən artıq qrupda cəmləşmə məhdudiyyətləri qüvvədə qalır”.