Parlamentdə qəzalı binalar və sənədsiz evlərlə bağlı problemlər qaldırılıb.
 
APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, qəzalı vəziyyətdə olan yüzlərlə binanın taleyi yenə də növbəti illərə təxirə salınıb.
 
Deputat bildirib ki, təmsil etdiyi Sabunçu rayonunun Bakıxanov qəsəbəsində zirzəmisi su ilə dolu binalarla bağlı heç bir irəliləyiş yoxdur: “Əminəm ki, dövlət büdcəsindən bircə manat vəsait xərcləmədən, özəl sektoru bürokratik basqılardan qorumaq şərti ilə yaxın beş il müddətində ölkə ərazisində qəzalı bina probleminə son qoymaq olar. Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığına görə güclü yağış yağan kimi televiziyalar tərəddüd etmədən kameralarını Sabunçu rayonuna yönəldirlər. Avtomobil yolunun üzərində əməlli-başlı müştərək Balaxanı qəsəbəsi–Zabrat qəsəbəsi gölü yaranır. Drenaj sistemi yoxdur, nə yağırsa yolun üzərinə toplanır və günlərlə insanlar palçığa bulaşmış səkilərlə hərəkət etməli olurlar”.
 
Fazil Mustafa qeyd edib ki, SOCAR-a məxsus ərazilərin böyük əksəriyyəti Sabunçu rayonu ərazisində yerləşir: “Müstəqilliyimizi qazandığımız gündən başlayaraq bu ərazilərdə xeyli qanunsuz evlər və obyektlər tikilib, ərazilərin boş qalmış xeyli hissəsində isə artıq neft çıxarılmır. Adətən biz büdcəyə vəsait qazandırmağın ən bəsit yolu kimi vətəndaşların və sahibkarların hesabına cərimə növlərinin genişləndirilməsi və məbləğinin artırılması yolunu seçirik. Halbuki artıq neft çıxmayan ərazilərdə qanunsuz tikilmiş evlərin və obyektlərin özəlləşdirilməsindən daha əhəmiyyətli vəsaitləri büdcəyə cəlb etmək mümkündür. Ancaq uzun müddətdir burada nə torpaqların təmizlənməsi həyata keçirilir, nə 20-30 ildən artıqdır məskunlaşmış insanların evlərinin özəlləşdirilməsi reallaşdırılır, nə də həmin torpaqlarda geniş park massivinin salınması ilə bağlı təşəbbüs göstərilir.
 
Aldığım məlumata görə, yeni çəkilən Dərnəgül-Sea Breeze yolunun Balaxanıya yaxın hissəsində böyük bir park kompleksinin salınması nəzərdə tutulur və bu ideyanı alqışlayıram. Eyni parkın Balaxanı ilə Zabrat arasındakı yolun sol tərəfində geniş ərazidə salınması imkanlarına baxılmasını da hökumətdən xahiş edirəm. Real olaraq 150 min əhalinin yaşadığı Zabrat qəsəbəsində nümunə göstəriləcək bir park belə tapmaq çətindir. Həm də bunu dövlətin maliyyə vəsaiti hesabına deyil, sahibkarları stimullaşdırmaqla həyata keçirmək mümkündür”.

Baxış sayı: 274 | Tarix: 13.03.2026
Bizi Telegramda izləyin: @repostaz