İki gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə bir qrup gənc müğənninin paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin sakinləri ilə birlikdə mənzillərin eyvanlarına çıxaraq “Yaşa Azərbaycan” mahnısını ifa etmələri və sonda həmin ərazidə xidmətdə olan polis əməkdaşlarına gül dəstələri atmalarını əks etdirən videoçarx yayıldı.
 
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov RePost.Az-a açıqlama verib.
 
Açıqlamada deyilir:
 
“Oxucu və izləyicilərin böyük əksəriyyətinin bəyənib, təqdir etdikləri bu vətənpərvərlik nümunəsi bəzi “virtual qəhrəman”ların ürəyincə olmadı..
 
Onlar sosial şəbəkələrdə bu ifanın Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunduğunu iddia edərək vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərin ünvanına nəinki tənqidi fikirlər səsləndirdilər, hətta onları düşmənsayağı təhqir etməkdən belə çəkinmədilər.
 
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, müxtəlif muğam müsabiqələrinin qalibləri olmuş bir qrup gənc müğənni heç kimin xahişi və təklifi olmadan öz təşəbbüsləri ilə videoçarx hazırlamaq qərarına gəliblər.
 
Vətənpərvər gənclərimiz bu təşəbbüslərini onunla əsaslandırıblar ki, onların da ailə üzvləri və yaxınları arasında şəhid olan, Qarabağ müharibəsində iştirak edən polis əməkdaşları olub.
 
Buna görə də, həm onların, həm də ümumilikdə polis əməkdaşlarının qarşıdan gələn peşə bayramlarını bu yolla təbrik ediblər.
 
Gənc müğənnilər əvvəlcə Şəhidlər Xiyabanına gedərək orada uyuyan şəhid polis əməkdaşlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər.
 
Daha sonra videoda görünən binaya gedərək sakinlərə onlarla birlikdə “Yaşa Azərbaycan” mahnısını ifa etmək niyyətlərini bildiriblər.
 
Bina sakinləri də bu təşəbbüsü dəstəkləyərək mənzillərinin eyvanlarında mahnını ifa ediblər və sonda polis əməkdaşlarına gül dəstələri atıblar.
 
Videoçarxın davamı olaraq gənc müğənnilər oradan Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər...
 
Görəsən, belə bir vətənpərvərlik nümunəsi sərgiləyən gənclərimizin hansı hərəkəti düşmən dəyirmanına su tökən və bizə məlum olan antimilli qrupun heysiyyatına toxunub?
 
Əlbəttə ki, belələri heç vaxt istəməz ki, vətəndaşlarımız öz dövlətini bu qədər sevsin, onun inkişafı və tərəqqisi üçün əlindən gələni etsin.
 
Biz isə heç bir təmənna güdmədən, öz ürəklərinin səsi ilə belə vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərimizi dəstəkləyir və onların hər birinə təşəkkürümüzü bildiririk”.

Baxış sayı: 3922 | Tarix: 26.06.2020
Bizi Telegramda izləyin: @repostaz