Şirvan Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında seksual xarakterli zorakılıq və xuliqanlıqda ittiham olunan rayon sakini, 30 yaşlı İ.Q.-nın cinayət işi üzrə məhkəmə keçirilib.
 
İttihama görə, İ.Q. Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiqetmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham olunub.
 
İ.Q. 2011-ci ilin yayında həmyerlisi A.Q. ilə ailə həyatı qurub. Amma evləndiyi qız bakirə olmayıb. İ.Q. toy gecəsi qızdan onun bakirə olmamasının səbəblərini soruşub. Gəlin uşaq ikən dayısı oğlu tərəfindən zorlandığını deyib. İ.Q. həyat yoldaşının düz dediyini yoxlamaq üçün ondan dayısı oğlunu məhkəməyə verməyi tələb edib. Lakin qadın bundan imtina edib və arada narazılıq yaranıb. Toy gecəsi İ.Q. qızı döyərək evdən qovub. A.Q. ata evinə üz tutub. Övladlarının qan içərisində evlərinə döndüyünü görən Quluzadələr ailəsi polisə şikayət edərək qızlarını toy gecəsi İ.Q.-nin zorladığını bildiriblər. Bu hadisədən sonra İ.Q. qaçaraq gizlənib. 6 ay ərzində axtarışda olan İ.Q. ötən il dekabrın 25-də Biləsuvar rayonunda həbs edilib. O, polis şöbəsində dava salaraq, polisə tabe olmayıb və özünü yandıraraq intihar etmək istəyib.
 
Həmin vaxt polis intihara cəhdin qarşısını alıb. Məhkəmədə ifadə verən İ.Q. elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O, A.Q.-nın toy gecəsi bakirə olmadığını öyrəndikdən sonra onunla yaşaya bilməyəcəyini deyib və evdən çıxarıb. Onun sözlərinə görə, bu səbəbdən də Quluzadələr ailəsi qisas almaq məqsədilə ona şər atıblar. Zərərçəkən qismində məhkəmədə ifadə verən A.Q. toy gecəsinə kimi bakirə olduğunu və təqsirləndirilən şəxsin onu zorladığını bildirib. Bu cinayət işinə Biləsuvar rayon Məhkəməsində baxılıb və İ.Q. 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxs və vəkili apelyasiya şikayəti veriblər. 
 
Şikayətdə qeyd edilib ki, İ.Q.-nin təqsirləndirilən şəxs kimi əməlində cinayət tərkibi yoxdur. Onlar rayon məhkəməsinin hökmünün ləğv edilməsini və İ.Q.-nin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Məhkəmədə müdafiə tərəfi seksual xarakterli hərəkətlərin müəyyən edilməsi üçün vəsatətlə çıxış edib. Vəsatət təmin edilib və cinayət işi üzrə Məhkəmə Tibbi Ekspertiza təyin edilib. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
 
RePost.Az

Baxış sayı: 5119 | Tarix: 28.01.2017
Bizi Telegramda izləyin: @repostaz