Avqustun 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində cinayət törətməyə meyilli bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil etməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində həmin restoranda toplaşan şəxslər, o cümlədən məclisin təşkilatçısı əvvəllər dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Binnətov, eləcə də qeyd edilən məclisin keçirilməsinə şərait yaradan restoranın rəhbərliyi və işçiləri saxlanılaraq Baş İdarəyə gətiriliblər. Onların üzərində axtarış aparılan zaman Natiq Binnətovla yanaşı daha 4 nəfərin - Bakı şəhər sakinləri, hər biri əvvəllər məhkum olunmuş Rəşad Baladadaşov, Ruslan Abbasov, Elvin Fətullayev və Şəmkir rayon sakini Elman Məmmədovun üzərindən müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məclisdə iştirak edən digər şəxslər və restoranın rəhbərliyi karantin qaydalarını kobud surətdə pozduqları üçün onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məsuliyyətə cəlb olunublar.