Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə təyin olunandan sonra bu qurum dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb.
RePost.Az “yenisabah.az”a istinadən xəbər verir ki, AMEA bu günlərdə növbəti satınalmanı həyata keçirib. Qurumun Mərkəzi Elmi Kitabxanası “SM Construction Supplies” MMC ilə 37 998.36 AZN dəyərində iki müqavilə imzalayıb. Şirkət kitabxananı yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər və “digər mallar”la təmin etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “SM Construction Supplies” MMC 20 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Heydərli Ehtiram Etibar oğludur.
Açıq mənbələrdə MMC-ilə bağlı yalnız Koronavirusla Mübarizə Fonduna 500 AZN köçürməsi barədə məlumata rast gəlinib. Şirkətin qanuni təmsilçisi Ehtiram Heydərlinin adı iki məhkəmə çəkişməsində keçir. Bunlardan biri Novruzov Azad Pərviz oğlunun avtomobilin geri alınması, digəri isə “Bank Standart”ın kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi əsasında baş tutan məhkəmə işidir. Ehtiram Heydərli hər iki işdə cavabdeh qismində çıxış edir. Birinci işdə iddia təmin edilsə də, ikincidə baxılmamış saxlanılıb.