Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin APA-ya müsahibəsi
 
- Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini cənab Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfindən qaldırılmış etirazlarına baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verdiyini bildirdi. Bu qərarı daha ətraflı izah etməyinizi istərdik. Ümumilikdə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını nə dərəcədə ədalətli hesab etmək olar?
 
- Bildiyiniz kimi, Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana qarşı bir sıra məhkəmə proseslərinə başlayıb. Məhkəmə proseslərinin əsas məqsədi 30 il ərzində ölkəmizə qarşı törədilmiş beynəlxalq hüquq pozuntularının müvafiq məhkəmə prosesləri çərçivəsində qiymətləndirilməsi, buna dair rəyin verilməsi və Ermənistanın məsuliyyətə cəlb edilməsidir. Həmçinin qeyd etmək istərdik ki, Beynəlxalq Ədalət Məhkəməsində "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya" çərçivəsində proses həyata keçirilir. Dünən bu istiqamətdə Azərbaycan və Ermənistanın etirazları üzrə müvafiq qərar qəbul edilib. İlk olaraq, bu qərar 30 il ərzində Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, irqi-ayrı seçkiliyin müvafiq olaraq qiymətləndirilməsi məqsədi daşıyır.
 
Məhkəmə azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilən etnik təmizləmənin müvafiq olaraq məhkəmə tərəfindən mahiyyəti üzrə nəzərdən keçirilməsi barədə qərar verib. Bu qərar ilk öncə məhkəmə tərəfindən prosesin növbəti illərdə müvafiq olaraq araşdırılacağı barədədir. Bundan əlavə, bildiyiniz kimi, azərbaycanlılara qarşı törədilən mina təhdidinin müvafiq məhkəmə proseslərində qaldırılması əsas istiqamətlərdən biridir. Baxmayaraq ki, Ermənistan bu məsələnin çıxarılmasına səy göstərirdi, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin dünənki qərarı əhəmiyyət kəsb edir. Ancaq məhkəmə bununla bağlı öz qərarını verdi. Mina təhdidi olduqca genişmiqyaslıdır. Vətən müharibəsindən indiyədək 400-ə yaxın azərbaycanlı mina qurbanı olub və bu məsələnin məhkəmə prosesləri çərçivəsində müvafiq qiymətləndirilməsi barədə qərarın verilməsi olduqca əhəmiyyət kəsb edir.
 
Azərbaycan bu məhkəmələrdən əlavə Ermənistana qarşı müvafiq arbitraj prosesləri də həyata keçirməkdədir. Bunlardan biri Ermənistanın Azərbaycanın enerji resurslarının keçmiş işğal olunmuş ərazilərdə istifadə etməsi, talamasının məhkəmə tərəfindən qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycan bu istiqamətdə işləri davam etdirir. Hesab edirik ki, bu, olduqca vacib məsələdir.
 
- Azərbaycan “Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” (“Ottava Konvensiyası”) və “Kasetli sursatlar haqqında Konvensiya”ya (“Oslo Konvensiyası”) nə üçün qoşulmur?
 
- Bildiyiniz kimi, münaqişənin həll olunması prosesinə qədər Ermənistanın Azərbaycana qarşı işğalını genişləndirməsi təhdid olaraq qalırdı. Azərbaycan bütün vasitələrlə yeni hücum təhdidinin qarşısının alınması üçün iş aparıb. Üzv olmamasına baxmayaraq, Azərbaycanın həyata keçirdiyi mina təmizləmə işləri, eyni zamanda, bu istiqamətdə hansı etimad quruculuğu tədbirlərinin həyata keçirdiyi barədə müvafiq hesabatlar Ottova Konvensiyası çərçivəsində təqdim edilib. Ermənistanın də eyni tipli bəyanatlar verməsinə baxmayaraq, onlar atdığı addımlarla bir daha göstərdi ki, heç zaman minalardan əl çəkməyiblər, Azərbaycana qarşı mina təhdidini davam etdiriblər. Hətta 2021-ci il istehsalı olan minalar Vətən müharibəsindən sonra Azərbaycanın keçmiş işğal olunmuş ərazilərinə gətirilmişdi. Azərbaycan indi də bütün hərbi vasitələrdən ancaq müvafiq olaraq öz təhlükəsizliyinin qorunması istiqamətində istifadə etməkdədir.
 
- Əgər sülh müqaviləsi imzalanarsa, hər iki tərəf beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq iddialarını geri götürə bilərmi? Bu bənd sülh danışıqlarında öz əksini tapıb?
 
- Şübhəsiz ki, sülh prosesi çərçivəsində mövcud çətinliklərin, mövcud iddiaların aradan qaldırılması əhəmiyyət kəsb edən məsələlərdən biridir. Əgər davamlı və ədalətli sülh olmasını istəyiriksə, şübhəsiz ki, dövlətlər bir-birinə qarşı olan iddialardan əl çəkməlidirlər. Bu bir prosesdir və bu prosesin hansı istiqamətdə irəliləyəcəyini indidən söyləmək çətin məsələdir. Ancaq Azərbaycan tərəfinin niyyəti budur ki, bölgədə davamlı sülh təmin edilsin. Bu istiqamətdə də bütün üsullardan, bütün vasitələrdən istifadə edilməsi zəruridir.
 
- COP29 çərçivəsində Azərbaycan Ermənistana dəvət göndərsə də, Ermənistan tərəfindən hələ də geridönüş edilməyib. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan isə iştirakın sülh sazişi və Azərbaycanda saxlanılan ermənilərin azad edilməsi ilə bağlı irəliləyişə bağlı olduğunu vurğulayıb. Bu, bölgədə davamlı sülh prosesi üçün aparılan danışıqlara necə təsir edir?
 
- Azərbaycan COP sədri olaraq, öz öhdəliklərinə sadiq qalaraq bütün üzv dövlətlərə tədbirdə iştirak üçün dəvət göndərib. Ermənistan tərəfinə də müvafiq dəvət göndərilib. Şübhəsiz ki, Ermənistanın bu prosesdə iştirak etməməsi onlar tərəfindən fürsətin əldən verilməsidir. Bu proseslərdə iştirak etməməsi, Ermənistanın konstruktiv siyasət yürütmədiyini nümayiş etdirir. Yenə də bu, onların öz seçimidir. Ermənistanın tədbirə gəlib-gəlməyəcəyi barədə bizdə hər hansı bir məlumat mövcud deyil. Eyni zamanda, qeyd etmək istərdik ki, iqlim dəyişmələri üzrə bu tədbirin siyasiləşdirilməsinin, hər hansı bir tədbirdə iştirak məsələsinin müvafiq qeyd-şərtlərlə şərtləndirilməsinin heç bir əsası yoxdur və qəbuledilməzdir. Bu kimi addımlar, şübhəsiz ki, konstruktiv hesab edilə bilməz. Azərbaycan hesab edir ki, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı əhəmiyyətli tədbirlərdən biri olaraq sırf dünyamız üçün mövcud təhdidin aradan qaldırılmasına yönəlməlidir. Bu tədbirlərin siyasiləşdirilməsi qəbuledilməzdir.
 
- Bir çox ölkələr yenə də Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi olmağı təklif edir, məsələn, Gürcüstan. Bu təkliflərə Azərbaycanın cavabı necədir?
 
- Vasitəçilik səyləri daha əvvəl də həyata keçirilib. Ancaq bir daha vurğulamaq istərdik ki, bu proses ikitərəfli prosesdir. Azərbaycan hər bir dövlətin danışıqları irəlilətməsi istiqamətində səylərini dəstəkləyib və dəvət edən dövlətin çağırışına müsbət cavab verib və müvafiq olaraq həmin dövlətlərin təşkil etdiyi danışıqlarda iştirak edib. Ancaq yenə də vurğulamaq istərdim ki, bu, ikitərəfli prosesdir. Burada əsas razılaşmalı olan tərəflər Azərbaycan və Ermənistandır. Onlar tərəfindən bu proses ikitərəfli əsasla irəlilədilir.
 
- Dekabrdan Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı yeni mərhələnin başlanacağı bildirilir. İlin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür?
 
- 2022-ci ilin oktyabr ayından Azərbaycan tərəfindən irəli sürülmüş layihə çərçivəsində xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesi həyata keçirilir. Bu bir prosesdir və müvafiq görüşlər keçirilib. Bildiyiniz kimi, həm xarici işlər nazirləri səviyyəsində, həm liderlər səviyyəsində proses davam etdirilib. Xarici işlər nazirləri səviyyəsində mətn üzrə mübadilələr həyata keçirilir. Sülh sazişi çərçivəsində işlər çox irəliləyib. Demək olar ki, bir çox müddəalar razılaşdırılıb. Bəzi müddəaların razılaşdırılması istiqamətində iş aparılır. Ancaq sazişin nə zaman imzalanacağı barədə indidən hər hansı bir qiymətləndirmə və ya şərh vermək düzgün olmazdı. Bu, bir prosesdir. Eyni zamanda, vurğulamaq istərdik ki, Azərbaycanla Ermənistan arasında həqiqi sülhün təmin edilməsi, formalaşması üçün müvafiq olaraq Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların aradan qaldırılması əhəmiyyət kəsb edir.
 
- Son olaraq, ölkəmizdə keçirilən nüfuzlu COP29-la bağlı bir sual vermək istərdim. Ətraf mühiti daha çox çirkləndirən, iqlim dəyişmələrinin əsas səbəbkarlarından olan bəzi ölkələrin – Fransa, Norveç liderləri, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen COP29-da iştirak etmir. İqlim dəyişmələrinə görə daha çox məsuliyyət daşıyan ölkələrin rəhbərlərinin bu təşəbbüslərə laqeyd yanaşmasına münasibətiniz necədir?
 
- Bir daha qeyd etmək istərdim ki, Azərbaycan COP sədri olaraq bütün tərəflərə iştirak üçün müvafiq dəvətlər göndərib. Bu, ümumi tədbirdir, BMT-nin tədbiridir. Azərbaycan COP Sədri olaraq bu tədbirin uğurlu keçirilməsinə, uğurlu nəticələrin əldə edilməsinə yönəlib və bu istiqamətdə də dövlətlərin müvafiq konsensus əldə edilməsi üçün öz səylərini əsirgəmir. Azərbaycan hesab edir ki, bu tədbirə nə qədər çox dövlət rəhbəri, nə qədər çox iştirakçı qatılsa, eyni zamanda, dövlətlər nə dərəcədə məsuliyyətli davranarsa, həmçinin danışıqlar prosesinin irəlilədilməsi istiqamətində səylərini əsirgəməzsə, o dərəcədə böyük uğurlar əldə edilə bilər. Bəzi dövlət başçılarının bu tədbirdə iştirak etməməsinə baxmayaraq, Azərbaycanın təşkil etdiyi bu tədbir, bu konfrans olduqca yüksək səviyyədə və genişmiqyaslı şəkildə təşkil olunub. Təqribən 100-ə yaxın dövlət və hökumət başçısı bu tədbirdə iştirak edir. Gördüyünüz kimi, çıxışlar davam edir. Dövlətlər bu məsələnin məsuliyyətini dərk edərək tədbirdə iştirak edirlər və ümid edirik ki, tədbirin uğurlu olması üçün öz səylərini əsirgəməyəcəklər.

Baxış sayı: 806 | Tarix: 13.11.2024
Bizi Telegramda izləyin: @repostaz