Son illərdə Azərbaycan dövlətinin əldə etdiyi böyük uğurlar — Qarabağın azad olunması, suverenliyin tam bərpası, Zəngəzur dəhlizinin reallaşması — ölkədə yeni ictimai ruh yüksəkliyi yaradıb. Bu hadisələr vətəndaşların dövlətə və hakimiyyətə olan inamını daha da gücləndirib, xalqla dövlət arasında tarixi bir vəhdət formalaşdırıb.
Lakin bu uğurlar bəzi xarici dairələri, Azərbaycanın güclənməsini istəməyən imperialist mərkəzləri narahat edir. Onlar müxtəlif yollarla ölkədə sabitliyi pozmaq, cəmiyyətdə parçalanma yaratmaq istəyirlər. Təəssüf ki, özünü “müxalifət” adlandıran bəzi siyasi partiyalar da bu planlara dəstək verir, xaricdən maliyyə alaraq dövlətin uğurlarını kölgəyə salmağa çalışırlar.
Müxalifətin məqsədi nədir – dövlətə qarşı mübarizə, yoxsa cəmiyyətə xidmət?
Demokratik sistemdə müxalifətin mövcudluğu vacibdir. Amma bu müxalifət milli maraqlara zidd fəaliyyət göstərməməli, dövlətin təhlükəsizliyinə qarşı alətə çevrilməməlidir. Əgər bir siyasi qüvvə xaricdən maliyyələşir, onun proqramı, sosial bazası və məqsədləri xalqdan gizlədilirsə, belə müxalifətə ehtiyac olub-olmadığı təbii olaraq sual doğurur.
Azərbaycan cəmiyyəti artıq nəticələri görür. Qarabağın azad olunması, separatizmin kökünün kəsilməsi, suverenliyin bərpası və Zəngəzur dəhlizinin açılması kimi tarixi hadisələr uzun illərin problemlərinə son qoydu.
Belə bir mərhələdə bəzi partiyaların hələ də “hakimiyyətə qarşı” deyil, sanki dövlətə qarşı mübarizə aparması ictimai qəzəb yaradır. Çünki bu partiyalar illərlə Azərbaycan Ordusunun gücünə inamsızlıq yaradıb, “Qarabağ heç vaxt azad olunmayacaq” kimi bədbin fikirlər yayır, gəncləri hərbi xidmətdən yayınmağa səsləyirdilər.
Qələbədən sonra da köhnə ritorika
İkinci Qarabağ müharibəsində əldə edilən parlaq Qələbədən sonra bu qüvvələr dayanmadılar. “Xankəndi qaytarılmayacaq”, “Rusiya sülhməramlıları heç vaxt çıxmayacaq” kimi dezinformasiyalarla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışdılar. Daha sonra “Zəngəzur dəhlizi heç zaman açılmayacaq” kimi saxta bəyanatlar səsləndirdilər.
Bu gün isə reallıq tam fərqlidir: Zəngəzur dəhlizinin 95 faizi hazırdır, onun açılması an məsələsidir. Yəni, dövlətin seçdiyi istiqamət və siyasi kurs özünü tam doğruldub.
Cəmiyyət nə istəyir?
Azərbaycan vətəndaşları artıq sabitlik, inkişaf və güclü dövlət istəyir. Onlar destruktiv, mənəvi və siyasi dayağı olmayan müxalifət yox, məsuliyyətli, milli maraqlara xidmət edən, şəffaf müxalifət görmək istəyirlər.
Müxalifət varsa, o, dövlətin qarşısında deyil, dövlətin yanında dayanmalıdır. Onun məqsədi təxribat deyil, sağlam tənqid, təklif və alternativ ideyalarla cəmiyyətin inkişafına dəstək olmalıdır.
Yeni dövr – yeni yanaşma
Azərbaycan artıq post-müharibə mərhələsindədir. Ölkənin qarşısında yeni çağırışlar, yeni iqtisadi və geosiyasi imkanlar dayanır. Bu reallıqlar qarşısında köhnə, xarici asılılıq üzərində qurulan müxalifət modeli iflasa uğrayıb.
Bu səbəbdən də, əgər Azərbaycanda müxalifət olacaqsa, o, şəffaf, milli, dövlətin yanında olan müxalifət olmalıdır.
Əks halda — kimə xidmət edirsə, gedib onun yanında dursun.