“Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və “Hurriyyet TV”-nin rəhbəri Vüqar Məmmədov (Tofiqoğlu) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb.
Hurriyyet.az xəbər verir ki, əməliyyat 29 noyabr 2025-ci il tarixində, axşam saaat 18:00 radələrində keçirilib.
Belə ki, DTX-nın təxminən 10 nəfərə yaxın əməkdaşı V.Məmmədovun dünən axşam saat 18:00-da “Hurriyyet TV”-də apardığı veriliş bitər-bitməz internet telekanalının ofisinə daxil olublar. Onlar ofisdə axtarış apardıqdan sonra “Hurriyyet TV”-yə məxsus bütün avadanlıqları da özləri ilə aparıblar.
Təxminən eyni saatlarda Baş redaktorun Nizami rayonunda kirayə yaşadığı mənzilində də axtarış aparılıb və mənzildən heç bir sənəd və ya əşya götürülməyib.
Məlumat üçün bildirək ki, Vüqar Məmmədovun yaşadığı evdə və “Hurriyyet TV”-nin ofisində aparılan axtarış DTX-nın müraciəti əsasında 26 noyabr 2025-ci il tarixində Səbail Rayon Məhkəməsinin çıxardığı qərara əsasən aparılıb.