Sentyabrın 20-də Bakı şəhər Xəzər rayonu Türkan qəsəbəsində, qəsəbə icra nümayəndəliyinin rəhbəri Rahil Babayevin oğlunun bacısını güllələyərək öldürməsi hadisəsinin təfərrüatları məlum olub.
 
RePost.Az-ın publika.az-a istinadla verdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. İlkin araşdırmalar zamanı məlum olub ki, R.Babayevin qızı, 1991-ci il təvəllüdlü Aydan bir müddət əvvəl ailə həyatı qursa da, onun izdivacı uğursuz olub və boşanaraq atası evinə qayıdıb. Bundan sonra qızla qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayev arasında tez-tez münaqişələr yaranmağa başlayıb.
 
Gənc oğlan bacısının başqa şəxslə danışmaması və görüşməməsi ilə bağlı ona xəbərdarlıq edib. Bacısını daim nəzarətdə saxlamağa çalışsa da, A.Babayeva qardaşının tələblərinə məhəl qoymayıb, bəzi vaxtlarda evə gecə gəlib və ya gecələri ümumiyyətlə evə gəlməyib.
 
Nəhayət, sentyabrın 19-da axşam saatlarında qəsəbədə olmayan Məhəmmədəli bacısının evdə olub-olmamasını öyrənmək qərarına gəlib. Bu məqsədlə o, Aydana zəng edib. Lakin bacısı telefona cavab verməyib. Aydanın gecə evə gəlmədiyini öyrənən gənc oğlan onu öldürmək qərarına gəlib.
 
Sentyabrın 20-də səhər saatlarında evə qayıdan M.Babayev tüfənglə bacısını güllələyərək öldürüb. O, hadisədən dərhal sonra polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, bir müddət əvvəl R.Babayevin adı ahıl qadınların torpaqlarının ələ keçirilməsi ilə bağlı qalmaqalda hallanıb. Belə ki, dələduzluqla məşğul olan şəxslər icra nümayəndəsinin adından saxta sənədlər hazırlayaraq torpaqları ələ keçiriblər.

Baxış sayı: 3523 | Tarix: 22.09.2020
Bizi Telegramda izləyin: @repostaz