Türkiyə regionda və xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə sabitləşdirici rol oynayır. Hər bir ölkənin tərəfdaşı və ya müttəfiqi ola bilər. Azərbaycan və Azərbaycan xalqı Türkiyə kimi tərəfdaşa, müttəfiqə və qardaş ölkəyə malik olmaqdan çox xoşbəxtdir. Biz Ermənistanın Fransanı özünə müttəfiq hesab etməsinə etiraz bildirmirik və Fransa hazırda Ermənistana ən çox dəstək göstərən ölkədir.
RePost.Az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “CNN International” telekanalına müsahibəsində Fransanın mövqeyinə münasibət bildirərkən deyib.
Türkiyənin Azərbaycana göstərdiyi dəstəyin münaqişənin daha da gərginləşməsinə gətirib çıxaracağı barədə fransızların iddiaları ilə razılaşmadığını bildirən dövlətimizin başçısı deyib: “Müttəfiqlərin seçilməsi ölkələrin özündən asılıdır. Məsələn, Fransanın xarici işləri naziri Rusiyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən narahat deyil və o, bunun münaqişəni beynəlxalq bir münaqişəyə çevirəcəyini düşünmür. Lakin Türkiyə legitim, siyasi dəstəyini ifadə etdikdə bu, narahatçılıq yaradır. Səmimi desəm, bir NATO ölkəsinin digər NATO ölkəsinə qarşı belə hərəkət etməsini başa düşə bilmirəm. NATO-ya üzv ölkələr müttəfiq olmalıdırlar, lakin biz bunu görmürük”, - deyə Prezident İlham Əliyev əlavə edib.