Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutub.
Dövlət Mülki Aviasiya Agentliyindən RePost.Az-a verilən məlumata görə, bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb və qarşısında duran vəzifələri uğurla yerinə yetirilir.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində Hərbi vəziyyət elan edilməsini, habelə hazırkı şəraitdə dövlət mənafelərini rəhbər tutaraq mülki pilotsuz uçan aparatların(PUA) istismarçılarından, eləcə də hər hansı bu cür aparatların sahiblərindən aşağıdakı tələblərin yerinə yetirilməsini xahiş edirik:
- Hava məkanında təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi məqsədilə respublikamızın vətəndaşları, habelə xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasının bütün ərazisində onlara məxsus hər hansı PUA-lardan istifadə edilməsini müvəqqəti olaraq dayandırsınlar;
- Hər hansı PUA-lardan istifadə olunmasını müşahidə etdikdə vətəndaşlar dərhal Hava Hərəkətini İdarə Etmə Baş Mərkəzinin +994 12 497-16-73 telefon nömrəsinə zəng vuraraq rejiminin pozulması haqqında məlumat versinlər.
Vətəndaşlarımızdan mövcud hərbi vəziyyət dövründə PUA-lardan istifadənin Azərbaycan Respublikasının Milli Ordusu tərəfindən aparılan uğurlu əməliyyatlara müəyyən maneələr törədə bilməsini nəzərə almağı və bu tələblərə qeyd-şərtsiz riayət etməyi xahiş edirik.