Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi respublikanın bəzi şəhər və kəndlərinin giriş-çıxışına tətbiq olunmuş məhdudiyyətlə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən RePost.Az-a daxil olan müraciətdə bildirilib ki, son günlər ölkə ərazisində COVID-19 infeksiyasının yayılmasında müşahidə olunan artım dinamikası nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarları ilə oktyabrın 14-də saat 00.00-dan Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə, oktyabrın 15-dən saat 00.00-dan isə Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxışa məhdudiyyət tətbiq edilib.
Bununla əlaqədar hərəkət iştirakçılarından, xüsusilə həmin istiqamətlərə getmək istəyən respublikanın digər şəhər və rayon sakinlərindən səfərə çıxmazdan əvvəl həmin şəhər və kəndlərdə xüsusi karantin rejiminin sərtləşdirilməsini və bu səbəbdən adıçəkilən inzibati ərazilərə buraxılmayacaqlarını nəzərə almaları xahiş olunur.
“Ümid edirik ki, ölkəmiz üçün hazırkı həssas dönəmdə hər bir hərəkət iştirakçısı özünün və yaxınlarının sağlamlığını qorumaq naminə müraciətimizə anlaşıqlı şəkildə yanaşacaq və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə sərtləşdirilmiş xüsusi karantin rejiminə, eləcə də sanitar-epidemioloji vəziyyətlə bağlı bütün tələblərə ciddi riayət edəcəklər”, - deyə müraciətdə vurğulanıb.