Bu gün Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
RePost.Az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, N. Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.