Dekabrın 16-da saat 20 radələrində Elçin Məmmədovun sürücü işlədiyi Sabunçu rayonu, E.Mehdiyev küçəsi 40 ünvanında yerləşən "Bakı Taksi xidməti" MMC-də üzərinə alışqan maddə tökərək intihara cəhd etməsi barədə Sabunçu rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Sabunçu rayon prokurorluğundan RePost.Az-a verilən məlumata görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.
 
İntihara cəhdin səbəblərinin araşdırılması məqsədilə zərərçəkmişin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri  davam etdirilir.
 
Qeyd edilən hadisə Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Baxış sayı: 3903 | Tarix: 17.12.2020
Bizi Telegramda izləyin: @repostaz