Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
RePost.Az Musavat.com-a istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Kürdəmir epizodu üzrə davam edib. İttiham aktına görə Kürdəmirin Mollakənd kəndində Şehman İmanova məxsus "Xatirə" restoranı Akif Çovdarov və adamları tərəfindən zorla ələ keçirilib. 
 
Ş.İmanov ifadəsində restoranı Çovdarovun təzyiqlərindən sonra Sədiyar Tağıyevə satdığını, sonuncunun isə qorxduğu üçün ölkəni tərk etdiyini deyib.
 
Restoran Çovdarovun oğlunun adına yaradılan "RAF 2006" MMC-nin torpaq sahələrinin ərazisinə yaxın olub. Həmin torpaq sahələrində Çovdarovun oğlu balıqçılıqla məşğul olub. 
 
Restoran torpaq sahələrinə gedən yolun üzərində yerləşdiyi üçün Çovdarov oranı almaq istəyib. Ancaq tərəflər razılaşmayıblar.
 
Hazırda Kürdəmir bələdiyyəsi sədri Nofəl Qasımov məhkəmədə dedikləri ilə istintaqdakı ifadəsi arasında ziddiyyət yaranıb. O bildirib ki, məhkəmədə söylədikləri doğrudur.
 
Akif Çovdarovun vəkili Sadiq Rəsulov musavat.com-a açıqlamasında bunları deyib: "İstintaq zamanı bu epizod üzrə bütün ifadələrdə bu cümlələr oturdulub ki, ""RAF-2006" MMC Akif Çovdarova məxsus idi. Çovdarov orada balıqçılıqla məşğul idi. Akif Çovdarov Şeymangilin əlindən yeməkxananı almaq istəyirdi. Onlar məcbur olub, yeməkxananı Sədiyar Tağıyevə satdılar. Sədiyar Tağıyev də Azərbaycandan qaçmaq məcburiyyətində qaldı".
 
Amma bələdiyyə sədri məhkəmədə dedi ki, restoranın Sədiyara satılmasından onun ümumiyyətlə xəbəri yoxdu, Çovdarovu isə ilk dəfə indi məhkəmə zalında görür, onun "RAF-2006" MMC ilə əlaqəsi olub-olmamasından məlumatsızdır. Yəni istintaqda onun adından yazılanları təkzib elədi".
 
Məhkəmədə bələdiyyə sədri bildirib ki, istintaqdakı ifadəni özü imzalayıb, amma müstəntiqin yazdığı ifadəni oxumayıb.
 
Sadiq Rəsulov məhkəmədə vəsatət qaldırdıqlarını söyləyib: "Bizim vəsatətimiz əsasında Şeyman İmanovun əmisi Zakir İmanov yenidən dindirildi. O da bildirdi ki, "RAF-2006" MMC-nin kimə məxsus olduğunu, kimin harda torpaq aldığını bilmir. İstintaqdakı ifadəsi elan olundu. Bildirdi ki, orada yazılan fikirləri söyləməyib. Soruşduq ki, hansı ifadəni təsdiqləyirsən, istintaqdakı, yoxsa məhkəmədəki? Bildirdi ki, hər ikisini. Bu isə ziddiyyətdir".
 
Məhkəmə prosesisinin davamında Yeni Yasamal epizodu üzrə araşdırmalar başlayıb. 
 
Zərərçəkmiş Elton Əliyev məhkəmədə dindirildi. 
 
Sadiq Rəsulov bu epizod üzrə məhkəmədə baş verənləri danışarkən deyib: "Biz bir məsələni məhkəmənin nəzərinə çatdırdıq ki, 2016-cı il iyunun 14-də zərərçəkmiş istintaq qrupunun üzvü Fuad Alməmmədov tərəfindən əvvəlcə şahid, təxminən 20 dəqiqə sonra zərərçəkmiş kimi dindirilib. Həmin dövrdə Elton Əliyev başqa bir cinayət işinə görə həbs olunmuşdu. Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məktubu var ki, müstəntiq Fuad Alməmmədovun təcridxanaya daxil olub, Elton Əliyevi dindirməsinə icazə verilsin. Biz soruşduq ki, sən şahid kimi dindiriləndən sonra sənə hər hansı qərar elan olunub? Dedi ki, yox, heç bir qərar elan olunmayıb.
 
Əslində, Elton Əliyev şahid kimi dindiriləndən sonra araşdırma nəticəsində ona qarşı cinayət törədildiyi təsdiqlənəndən sonra onun zərərçəkmiş qismində tanınması barədə qərar qəbul olunmalı, özünə də elan olunmalıydı. Amma baş verənlər göstərir ki, onun zərərçəkmiş qismində tanınması qərarı o dindirilməmişdən əvvəl hazır olub".
 
Zərərçəkmiş E.Əliyev ifadəsində göstərib ki, 2007-ci ilin sentyabrında MTN-ə çağrılıb. Onu MTN əməkdaşları "Texnikabank"ın baş ofisindən MTN-ə aparıblar, liftlə dəqiq bilmədiyi yuxarı mərtəbəyə qaldırıblar. Orada ondan əvvəl öz işi, daha sonra atası haqda soruşulub. Daha sonra deyilib ki, atana zəng elə. O da atasına zəng eləyib. Gecə evə buraxılıb. Sonra ona məlum olun ki, Akif Çovdarov atasından 500 min pul istəyib, 350 min alıb.
 
Onun atası Nəsib Əliyev bina tikintisi ilə məşğul olub. Hazırda həbsdədir. O, Cinayət Məcəlləsinin 178 və 308-ci maddələr ilə təqsirli bilinərək 13 il həbs cəzası alıb.
 
 
Nəsib Əliyev isə həmin vaxt "Texnikabank"ın Səbayel filialının müdiri olub.
 
Akif Çovdarov isə bildirib ki, deyilənlərin hamısı yalandı. Həmin vaxt o, yuxarıda yox, elə birinci mərtəbədəki xidməti otağında işləyirdi. O dövrdə fəaliyyəti də bank sektoru ilə bağlı olmayıb. Mən Antiterror Mərkəzinin rəis müavini olmuşam, bu qurumun da banklara aidiyyəti olmayıb.
 
Məhkəmə prosesi fevralın 13-də davam edəcək.
 
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
 
RePost.Az

Baxış sayı: 3694 | Tarix: 08.02.2017
Bizi Telegramda izləyin: @repostaz