Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib. Bunu nəzərə alaraq bu il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək.
 
Bu barədə RePost.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Qeyd olunub ki, Xiyabana gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar xiyabana beş nəfərlik qruplarla daxil olacaq və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxacaqlar.
 
Bildirilib ki, Xiyabanın daxilində və kənarda insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər Xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
 
Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar.

Baxış sayı: 3732 | Tarix: 19.01.2021
Bizi Telegramda izləyin: @repostaz