Son günlər Göyçay rayonunda canavarların kəndlərə hücüm etməsi sakinləri qorxuya salıb.
RePost.Az-ın bölgə müxbirinə rayon sakinlərinin verdiyi məlumata görə, bir neçə gün əvvəl gecə saatlarında rayonun Ləkiçıplaq kəndində Şirvan Kərimova məxsus tövləyə hücüm edən vəhşi heyvanlar, qoyunlardan 6 parçalayıb bir neçəsini yaralayıb. Ötən gün isə rayonun Qızılağac kəndində soxulan canavarlar, kənd sakini Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 qoyundan 10-nu tələf edib, 16-nı yaralayıb. Kənd sakinlərinin sözlərinə görə, bu ilin qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir. Yaralı heyvanların kəsimi və satılması qadağan olunub. Parçalanan qoyunların qalıqları dezinfeksiya edilərək basdırılıb. Kənd sakinləri həyacan təbili çalır, vəhşi heyvanlara qarşı mübarizə aparılmadığı halda, fərdi təsərrüfatda olan heyvanlarla bərabər sakinlərin də zərər çəkə biləcəyini deyirlər. Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar gündüz saatlarında kənd ətrafında gözə görünür, axşam saatlarında kəndə hücüm çəkirlər.
RePost.Az