Vətəndaşların hüquqlarını pozmaqla öz vəzifə səlahiyyətlərindən  sui-istifadə edən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir.
 
Qusar rayon Prokurorluğundan RePost.Az-a verilən məlumata görə, rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov, inzibati məsələlər üzrə direktor müavini Nəzakət Salmanova və maliyyə şöbəsinin müdiri Eldar Məhsimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qulluq mövqeyinə qəsdən zidd olaraq xəstəxananın Təxirəsalınmaz Tibbi Yardım bölməsinin bir neçə əməkdaşına “COVİD-19” pandemiyası ilə bağlı mübarizə tədbirlərinə cəlb edilmələrinə görə ödənilməli olan müddətli əlavələri mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baxış sayı: 3922 | Tarix: 26.01.2021
Bizi Telegramda izləyin: @repostaz