Sosial şəbəkələrdə Qaradağ rayonu ərazisindəki ucqar qəbiristanlıqda dəfn olunmuş şəhidlərin məzarını su basdığını əks etdirən görüntülər yayılıb. Görüntülərdə şəhidlərin valideynlərinin şikayətləri yer alıb..
Təəssüf ki, videolarda çox acı bir mənzərə də əks olunur: şəhid qəbirləri etiraz edən valideynlər tərəfindən dağıdılır.
Qaradağ rayonunun deputatı Aydın Hüseynov Modern.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib:
“Məsələdən həm Müdafiə Nazirliyi, həm də digər müvafiq orqanlar xəbərdardır. Tədbirlər mütləq görüləcək. Mən də deputat olaraq həmin valideynlərlə əlaqə saxlamışam. Şəhidlərimizin məzarı valideynlərin istədiyi kimi olacaq. Hər birimizin borcudur ki, şəhidlərin məzarı önünə gedək, baş əyək”.
Aydın Hüseynov qəbiristanlığı su basmasına da münasibət bildirib:
“Qaradağ qəbiristanlığında dəfn edilən şəhidlərimiz Bakının müxtəlif rayonlarındandır. Şəhidlərimiz dəfn ediləndə ərazidə su olmayıb. Zənn etmirəm ki, kimsə bunu bilərəkdən edib. Orada digər qəbirlər də var”.
Xatırladaq ki, 17 şəhid ailəsi övladlarının Qaradağ rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn edilməsinə etiraz edir və onlar müxtəlif dövlət qurumlarının qarşısında məsələ qaldıraraq, məzarların oradan köçürülməsini tələb edirlər. Buna səbəb kimi isə övladlarının məzarlarının qurunt sularının altında qaldığını göstərirlər.